Rusiyada, Buryatiya Respublikasının şimalında “Anqara” aviaşirkətinə mənsub “An-24” sərnişin təyyarəsi qəza enişi edib. Hadisə zamanı iki pilot ölüb, daha yeddi nəfər xəsarət alıb.
“RİA Novosti” bildirir ki, bu barədə respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.
Onun sözlərinə əsasən, təyyarədəki biri uşaq olmaqla, 43 nəfər xilas edilib.
“Təyyarə bu gün səhər saatlarında Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb. Bir qədər sonra onun mühərriklərindən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.
İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə, təyyarə alışıb”, - deyə Fişev bildirib.