Son bir neçə aydır ki, AzTV-nin yeni rəhbərliyinin apardığı kadr islahatları davamlı olaraq medianın gündəminə çevirilir. Bu islahatlar adətən etiraz və qalmaqallarla müşahidə olunur. Amma ümumilikdə müşahidəçilər pərdə arxasında baş verənlərə diqqət yetirmədən AzTV-nin ekranında kifayət qədər müsbət dəyişikliklərin olduğunu bildirirlər.
Bu qalmaqallı xəbərlərin getdiyi zamanda AzTV-nin keçmiş əməkdaşlarından biri “Yeni Sabah”a müraciət edərək telekanaldakı əsas problem haqda məlumat vermək istədiyini bildirdi. Adının açıqlanmasını istəməyən telekanalın keçmiş rejissoru bildirir ki, Arif Alışanov AzTV-yə gələndən az sonra maaş sistemini ləğv edib və bu günə qədər telekanal əməkdaşları rəsmi maaş ala bilmir:
“Yaradıcı kollektivin maaşı yoxdur. Arif Alışanov təzə gələndə camaatı aldatdı ki, mən sizə yaxşı qonorar verəcəm. Və maaş sistemini ləğv edib qonorar sisteminə keçdi. Düzü, ilk müddət yüksək qonorarlar verdi. Amma sonra yavaş-yavaş kəsildi.
Televiziyada bir nüans var. Mən o vaxt qonorar ala bilərəm ki, veriliş efirə getsin. Dövlət televiziyasında proqramlar tez-tez dəyişir. Müxtəlif səbəblər olur - kiminsə görüşünə görə, hansısa tədbirə görə və.s
Buna görə insanlar çox narahatdır. Elələri var ki, bircə dənə verilişi var. Haradasa yazılmışdı ki, 200 nəfər qonorarsız qalıb. Bu 50 verilişin bağlanması deməkdir.
Problem bundadır ki, 2007-ci ildən televiziyanın yaradıcı işçilərinə maaş yoxdur. Qonorar sistemi mövcuddur. Belə bir şəraitdə işçi ancaq çəkilişə gəlməlidir. Ancaq burada tələb olunur ki, işçi hər gün gəlsin. AzTV-dəki zülmün kökü buradadır və bu sistem indi də qalır.
O zaman Arif Alışanov bu sistemi İctimai Kanalda da tətbiq etmək istəyirdi. Amma İTV əməkdaşları bizdən güclü çıxdılar, imkan vermədilər”.
Ali dərəcəli rejissor deyir ki, Rövşən Məmmədov telekanala rəhbərlik edəndən sonra nədənsə A. Alışanovun bu qaydasını dəyişmədi: “O gəlib bunu dəyişdirsə, böyük iş görərdi. Rövşən Məmmədov özü təzə adamdır. Heç kadrları da fərli-başlı tanımır.
Əslində, o vaxtdan da AzTV-də hamı deyirdi ki, Rövşən elə Arifin adamıdır. Onu işə Arif Alışanov götürmüşdü. Mən düşünmürəm ki, bilavasitə onun adamıdır. Amma istənilən halda onun yolunu gedir. Çünki onu görüb. Bu adam burada başqa birini görməyib.
Amma ona rəhbərlik həvalə olunmasında pozitiv məqamlar da gördüm. Mən televiziyanın yaxınlığında yaşayıram. Əvvəllər işçilər işdən çox qəmgin, narazı, fikirli çıxırdılar. O gələndən sonra görürdüm ki, üzlər gülür. Hər şeyi olduğu kimi demək lazımdır.
Mən Arifin göstərişi ilə işdən çıxmışam. Bizim verilişimiz bağlanmışdı. Aparıcımız ilə rəhbərlik arasında müəyyən münaqişə var idi. Aparıcı da verilişdən necə deyərlər “otkaz” etmişdi. Ondan sonra biz də işsiz qalmışdıq.
Mən Rövşən Məmmədovun öz qohumlarına vəzifə verməsində probem görmürəm. Donald Trump belə adminstrasiyada həm qızına, həm kürəkəninə vəzifə verib. Yəni bu bir qaydadır. Komanda rəhbəri gedəndə, komanda da getməlidir. Amma Arifin komandasının yarısı orda qalıb.
O vaxt Arif Alışanov Xəlil Məmmədovu işdən çıxarmışdı. Səbəb isə onun Qulu Məhərrəmli ilə yaxın kənddən olması idi. Arifin Qulu Məhərrəmli ilə arası dəymişdi deyə, onu da çıxarmışdı. O yazıq da deyirdi ki, mənim nə günahım var. Mən burada kiçik işçiyəm. Mən gedib nə edəcəm ki?
Rövşən isə indi Xəlil Məmmədova vəzifə verdi. Məndəki son məlumata görə, o indi operatorlara qeyri-rəsmi rəhbərlik edir. Amma mən bunda problem görmürəm, özü bilər. Amma televiziyanı şouya döndərmək lazım deyil. AzTv akademik məktəb idi, amma indi deyil...”
Müsahibimiz A. Alışanovun vaxtında 13-cü maaşın ləğv olunduğunu, AzTV-nin Nabranda istirahət mərkəzinin dağıdıldığını da qeyd edib...