Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.
"AzBaku.org" Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.
O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.
Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.
Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.