Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə. külli miqdarda talanmasına görə, yeni və daha uzunmüddətli həbs cəzası tətbiq olunur. Azərbaycan prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir. Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrumetmədir.
Məlumat üçün bildirək ki, oktyabrın əvvəlində "Azərbaycan respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirməsi aparılıb. Təqdim olunan hesabata görə 14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 milyon manat borcu olduğu açıqlandı.
“Cümhuriyət” qəzeti bu və digər məsələlərlə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevə sorğu ünvanlamışdı. Sorğuda “həmin nazirlik və təşkilatların borcu silinə bilərmi?” sualına birlik rəhbəri belə cavab vermişdi: “Bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə” fərmana əsasən əhali kateqoriyasına aid istehlakçılar üzrə yığılmış debitor borclar silinib. Gələcəkdə ölkə başçısı tərəfindən qeyd edilən nazirlik və təşkilatların borclarının silinməsi barədə fərman imzalanarsa, həmin borclar silinəcəkdir”.
Yəni, Azərbaycanda dövlət qurumlarının, eləcə də büdcə təşkilatlarının borcunun silinməsi praktikası var. Amma əhalinin borcunun silinməsi faktı yoxdur. Görünən odur ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik əhali kateqoriyasına şamil olunacaq. Nə də olsa, “Azəriqaz”a borclu olan dövlət qurumunun rəhbərlərini həbs etmək düşüncəsi absurd səslənir.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, talanmanın hüquqi statusu müəyyənləşməlidir:
“Bu qərarın qəbul edilməsi keçmiş sovet dövründə olsaydı, anlaşılan idi. Yəni, ö dövrdə hakimiyyət də, sahibkarlıq da, bütün sərvətlər də dövlətin əlində idi. Buna görə də qənaət rejimi ortaya çıxmışdı. Amma indi bazar iqtisadiyyatıdır. Bütün istehsalçılar daha çox realizasiya aparmağa çalışır ki, daha çox gəlir əldə etsin. Artıq bu gün həmin qənaət rejiminin məntiqi aradan qalxır. Bütün kommunal xidmətlərdən istifadə edib, onun haqqını ödəməyən vətəndaşların, dövlət idarələrinin, büdcə təşkilatlarının haqqında inzibati cəza tədbirlərinin görülməsi, indiki qanunvericiliklə mümkündür. İnanmıram ki, xidmət və enerji sahələrinə edilmiş indiki dəyişiklik borcu yaranan dövlət idarələrinə tətbiq edilsin. Hesab edirəm ki, bu, əsasən əhali qrupu üçün nəzərdə tutulub. Burada çətinliyi yaradan kommunal xidmət sahələrinin dövlət monopoliyasında olmasıdır. Bu qurumların dövlətin əlində olması, bazar iqtisadiyyatı sisteminin ritmini pozur, onun nəzəri əsaslarını sarsıdır. Əslində, qazı, işığı, suyu və digər sahələri satan özəl şirkətlər olmalıdır. Dövlət bu şirkətlərdən çox, həmin şirkətin xidmət göstərdiyi, mal-məhsul satdığı istehlakçının tərəfində olmalıdır. Amma nədənsə son vaxtlar qəbul edilən qanunların hamısı istehsalçıların hüquqlarının qorunmasına yönəlib. Burada büdcədən qeydi-adekvat istiqamət görürəm. Halbuki bu istiqamət tam əksinə olmalıdır”.
İqtisadçı hesab edir ki, əgər kommunal xidmət sahələri özəl şirkətlərin əlində olsaydı, talanmaq məntiqi aradan çıxırdı:
“İndi smart sayğaclar var. İstehlakçı nə qədər istifadə etmək istəyirsə, balansına o qədər də pul yükləyir. Əgər bazar iqtisadiyyatında yaşayırıqsa, qazın, suyun, işığın talanması məsələsi ortaya qoyulmamalıdır. Əslində qaldırılan məsələləri asanlıqla həll etmək olar, amma biz özümüzü çox çətinə salırıq. İnzibati xətalar məcəlləsinə dəyişiklik edirik, cəzaları sərtləşdirirk və sair. Bunların hamısı artıqdır. Sadəcə olaraq bazar iqtisadiyyatının bütün nəzəri əsaslarını ölkə iqtisadiyyatına tətbiq etmək lazımdır. Bu gün “ölkə bazar iqtisadiyyatı modelində çalışır” deyə elan etmək azdır”.
“Borclar silinərkən iqtisadi maraqlar ölür”
Borcların silinməsinə gəlincə, Akif Nəsirli deyib ki, nə vətəndaşların, nə təşkilatların, nə də dövlət qurumlarının borcunun silinməsi səhv yoldur:
“İstehlakçı borclarının silinməsi zərərli tendensiyadır, bunun əleyhinəyəm. Nəyə görə borc silinməlidir? Tutaq ki, istehlakçının biri bütün kommunal xidmətlərdən istifadə edib, pulun ödəyir, amma qonşusu borc yığır. Hökumət dövlətin ümumi büdcəsindən qonşunun borcunu silir. Büdcədən vaxtında ödəniş edən vətəndaşa heç nə xərcləmir. Burada bir ədalətsizlik var. Digər tərəfdən, borcların silinməsi arxayınlıq yaradır.
Bu isə kommunal xidmətlərin dövlət tərəfindən satılmasının yaratdığı fəsadlardan biridir. Borclar silinərkən iqtisadi maraqlar ölür. Borcları inzibati qaydalarla yığmaq çətin olacaq. Elə cəzalar var ki, onlar iqtisadi səmərə vermir. Ən yaxşısı həmin xidmətlərin özəlləşdirilməsidir. Ümumiyyətə, iqtisadiyyatda güzəşt məsələsində bir qədər ehtiyatlı olmaq lazımdır. Əslində, güzəşt ədalətsizlikdir və aradan qaldırılmalıdır. Vətəndaşa xidmət edən dövlət vəsaiti niyə hansısa təşkilatın, qurumun borcunun silinməsinə getməlidir? Bu gün Azərbaycanda vətəndaşın öz haqqı uğrunda mübarizə aparması yadından çıxıb”.
Yeganə Oqtayqızı