Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ


"Aşka sürgün", "Küçük sırlar", "Kocamın ailesi", "Kalk gidelim" serialları ilə tanınan türkiyəli aktrisa Yıldız Kültürün Oxu.Az-a müsahibəsi:

- Yıldız xanım, bildiyim qədərilə Bakıya ilk dəfədir gəlmisiniz.

- Bəli. Bu, Azərbaycana ilk səfərimdir. Bakını çox sevdim. Azərbaycanın dost və qardaş ölkə olduğunu deyənlər yanılmayıblar. Məni gözləmədiyim şəkildə qarşıladılar. İnanın ki, bu sevginin qarşısında çox duyğulandım.

- Bakıda şəxsən gedib görmək istədiyiniz yerlər var idimi?

- Demək olar ki, bütün Bakını gəzdik. Amma məni daha çox burada sənətçiyə verilən dəyər heyran elədi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, həyat yoldaşı Zərifə Əliyevanın, bundan başqa, dəyərli sənətçilərin məzarlarını ziyarət etdik.

İçərişəhər isə çox gözəldir. Gəzdikcə çox bəyəndim. Ən çox da tarixi binaları sökmədən, olduğu kimi saxlamağınız xoşuma gəldi. Keçmişinizə sahib çıxırsınız. Çünki keçmişdə tikilən binaları, tarixi abidələri qoruyub saxlamaq lazımdır.

- Yıldız xanım, son olaraq “Kalk gidelim” serialında çəkilirdiniz. Bəs niyə ayrıldınız?

- Xaricdə yaşayan bacım doqquz ay xəstəxanada yatdı. Onun yanına tez-tez gedib-gəlirdim. Bu səbəbdən serialdan öz istəyimlə ayrıldım. Sonra bacım rəhmətə getdi. Bu səbəbdən bir müddət işləmək istəmədim (ağlayır).
Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ

- Yeni mövsümdən sizi filmlərdə görə biləcəyik?

- Antepdə çəkilən seriallardan birindən təklif gəlsə də, ora gedib-gəlmək mənim üçün çətin olduğundan qəbul etmədim. Çəkilişləri İstanbulda olan seriallarda rol almaq istəyirəm. Çünki yaşım az deyil. Hazırda danışıqlar gedir.

Sentyabrdan tamaşaçılar məni yeni serialda görə biləcəklər. Sadəcə, hansı serial olduğunu özüm belə dəqiq bilmirəm. İşləmək məni həvəsləndirir. Özümü daha enerjili hesab edirəm. Hələ gənclərlə birgə işləmək, onlarla yaxşı mənada ayaqlaşmaq məni daha güclü və gümrah hiss etdirir.

- Niyə uzun müddət teatrda çalışdıqdan sonra seriallarda oynamağı seçdiniz?

- Universiteti Ankarada oxumuşam. Həyat yoldaşımı isə İzmirə qastrol səfərinə getdiyim zaman tanıdım. Ondan sonra təsadüfən teatrın bir hissəsini İzmirdə qurdular. Mən də yoldaşıma görə təyinatımı ora istədim.

Bütün seriallar da İstanbulda və Ankarada çəkilirdi. Pensiyaya çıxmağıma iki il qalmışdı, serial üçün gələn təklifi qəbul elədim. İlk serialım "Aşka sürgün" oldu. Bakıda da hər kəs məni o serialda oynadığım rolla tanıdı. Serialın bu qədər sevildiyini bilmirdim. Amma "Issız adam"dan da tanıynalar oldu. Bilirəm ki, Azərbaycanda Türkiyə serialları çox izlənilir.
Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ

- "Aşka sürgün"də birgə çəkildiyiniz həmkarınız Beren Saatla indi də əlaqələriniz varmı?

- Arada telefonla danışırıq, mesajlaşırıq. Çünki hər kəsin öz işi olur.

- Son zamanlar Beren Saat boşanma xəbərləri ilə gündəmdədir. Bu barədə özü ilə danışmısınız?

- Bildiyim qədərilə elə də böyük bir problemi yoxdur. Hər deyilənə inanmaq olmaz.

- Türkiyədə hazırda daha çox gənclər gündəmdədir. Usta sənətçi olaraq kimlərin işini bəyənirsiniz?

- Kıvanç Tatlıtuğla keçən il bir filmdə oynadıq. Deyərdim ki, həm Kıvanç, həm də Beren heç dəyişməyib. Hər ikisi öz üzərində işləyən insanlardır. Bu səbəbdən onlarla əlaqələrim heç vaxt kəsilməyib.

- Modellikdən aktyorluğa gələnlərlə bağlı nə düşünürsünüz?

- Bizim işimiz gözəllik tələb edir. Modellikdən gələnlərin bir çoxu özlərini istedadları ilə sübut edənlər oldu. Onların hər biri işlərini sevdikləri üçün daima inkişaf edirlər. Bu səbəbdən gəncləri çox sevirəm.

- Ola bilməz ki, bəyənmədikləriniz olmasın…

- Əlbəttə, var. Amma adlarını çəkmək istəmirəm. Heç birinin xətrinə dəymək istəmirəm. Məsələn, Serenay Sarıkayanın həm özü, həm aktyorluğu, həm də səsi çox gözəldir. Bu sahədə ixtisas üzrə təhsil almaq elə də önəm daşımır. Bu sahə teatrdan çox fərqlidir.

Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ

- 74 yaşınız var və sizi xeyli gümrah gördük.

- İşləmək məni gənc saxlayır. Keçən il heç bir iş görmürdüm, elə o zaman da xəstələndim. Ağlıma yaşadığım pis hadisələr gəlirdi. İşləyəndə isə daha dinamik oluram. Həm də idmanı çox sevirəm. Üstəlik, yeməyimə fikir verirəm.

- 70 yaşınızda “Kocamın ailesi” serialında çəkilirdiniz və filmdə basketbol oynamağınız səs-küyə səbəb oldu. Yadımdadır ki, həmin dövrdə bütün Türkiyə mətbuatı sizdən yazırdı.

- Həmin səhnə böyük səs-küy gətirdi. O zaman ayağım qırılmışdı. Yeriməyə belə çətinlik çəkirdim. Məndən həmin səhnədə çəkilə bilərəmmi deyə soruşdular. Öncə qorxdum. Amma o yaşda bu səhnənin öhdəsindən gələ bildim.

- Niyə sizi daha çox komediya janrında görürük?

- Mən böyük bir komediya ustası deyiləm. Amma bütün rolları oynaya bilərəm. Teatrda ancaq dram tamaşalarında oynayırdım. Belə görürəm ki, komediyada da oynaya bilərmişəm.

- Hazırda Türkiyədə Özcan Dəniz və Mahsun Kırmızıgül daha çox film çəkir. Hansının çəkdiyi filmləri bəyənirsiniz?

- Hər ikisi fərqli şəkildə çəkir. Ən önəmlisi isə qazandıqları pulları öz işlərinə xərcləyirlər.

Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ

Seriallardan hansını izləyirsiniz?

- Hazırda "Bir zamanlar Çukurova" serialını izləməyə çalışıram. Həmçinin, "İstanbullu gəlin" serialını izləmişəm. Aslı Ənvəri çox bəyənirəm.

Serialların əksəriyyəti 3-4 bölümdən sonra bir-birinə bənzəyir. Hansısa serialda reytinq yığan səhnəni fərqli şəkildə yazırlar, ona görə də bənzəməyə başlayırlar.

- Tanındıqdan sonra başınıza gələn maraqlı hadisə olub?

- Çox olub. Küçədə qaçaraq, yaxınlaşıb əlimi öpürlər. Əvvəllər şok olurdum. Amma indi xoşuma gəlir.

- Azərbaycanlılardan kimləri tanıyırsınız?

- Təəssüflər olsun ki, heç kimi tanımıram. Bu, mənim ayıbım olsun. Amma mahnılarınızı çox sevirəm. "Ayrılıq" mahnısı üçün ölürəm. Onun məndə ayrı bir yeri var.

- Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?

- Əslində, bir təklif gəlmişdi. Amma həmin vaxt çəkildiyim serialın rejissoru uzun müddət üçün icazə vermədi. Gəlməyi çox istəsəm də, alınmadı. Amma bu dəfə təklif gəlsə, qəbul edəcəyəm.
Bakıya gələn məşhur türkiyəli aktrisa: Küçədə yaxınlaşıb əlimi öpürlər - MÜSAHİBƏ

Azərbaycan toyunda da olmusunuz.

- İlk dəfə idi ki, belə bir toyda iştirak edirdim. Toy adətlərinizi sevdim. Sizin toylar çox dəbdəbəlidir. Bizdə isə sizdən fərqli olaraq toylar çox sadə keçir.

- Həyat yoldaşınızı bu yaxınlarda itirmisiniz…

- Bəli. Ondan sonra həyat mənə çətin gəlir. Evli olduğumuz müddətdə bir-birimizin işinə qarışmamışıq. Bizim sevgimiz heç vaxt bitməyib. Hər gün onun üçün darıxıram...