Bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb.
AzBaku.org sfera.az-a istinadla verdiyi xəbərə görə, 50 min manat rüsum ödəməsinə baxmayaraq bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.
İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.
Sfera.az-ın məlumatına görə hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib. Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır.