Təqribən iki ilə yaxındır ki, yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə prezidentin və əhalinin böyük etimadı varıydı. Ölkənin qida sənayesində hökm sürən anarxiya, özbaşınalıq hallarının aradan qismən qalxacağı, bazara daxil olan mənşəyi bilinməyən məhsulların araşdırılacağı gözlənilirdi.
AQTA-nın qarşısındakı əlahiddə missiya əhalinin qida “terroru”ndan qurtuluşu üçün şəffaf fəaliyyət olmalıydı. Amma istehlakçıların hər gün aldadılması, saxtakarlığa yol verilməsi, mənşəyi bilinməyən malların bazarlarda ayaq açması hallarına qarşı kompleks tədbirlər həyata keçirilmir.
AQTA rəhbəri Qoşqar Təhməzlinin Avropadakı biznesinin üzə çıxması da əminlik yaratdı ki, bir çox məmurlar kimi onu da vətəndaşların həyatı yox, öz həyatı maraqlandırır.
O baxımdan marketlərdə, bazarlarda leş ət, mənşəyi bilinməyən, onkoloji xəstəlikləri genişləndirən palma yağları, istehsalçı müəssisələri sexlərdə yerləşən ağartı məhsulları Azərbaycanda əhalinin həyatını zəhərə döndərməkdədir.
Reportyor.info-nun Araşdırma Qrupunun monitorinqlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmur.
Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Qida Təhlükəsizliyi Agentliyi isə marketlərdə satılan yağların mənşəyi, keyfiyyəti, istehsalçısı ilə bağlı heç bir araşdırma aparmır.
Bu sahədə Dövlət Gömrük Komitəsi də nəzarət etmir deyə ölkəyə nə idxal edilməsindən müvafiq strukturlar xəbəri yoxdur. Əslində, buna göz yumurlar demək obyektiv olardı.
Gömrük Komitəsi və AQTA ölkəyə gətirilən malların sertifikatının olub-olmaması, laboratoriyada yoxlanılması barədə hər hansı təftiş aparmır.
Hətta belə iddialar səslənir ki, Qoşqar Təhməzlinin agentliyi qida təhlükəsizliyi sahəsində vaxtilə sahibkarların “dərisini soyan” ləğv edilmiş MTN-nin məlum bandası, eləcə də zaman-zaman iş adamlarının başına oyun açmış Dövlət Baytarlıq Xidmətinin “funksiyalarını” yerinə yetirir.
Bir müddət əvvəl sahibkarlarla sövdələşməyə gedən AQTA-nin mütəşəkkil dəstəsi də ifşa olunmuşdu. Lakin sistemin iş prinsipi dəyişməz olaraq qalır.
İddialara görə, bazara daxil olan malların keyfiyyəti, təmizliyi, mənşəyi ilə bağlı AQTA tərəfindən aparılan “yoxlama”lar köhnə üsullarla aparılır.
Odur ki, əhalini xərçəngə yoluxduran, uşaqlarda xəstəliklərə yol açan palma yağları, zərərli bitkilər bazarlarda “meydan sulayır”.
Araşdırmalar göstərir ki, həqiqətən də kərə yağı adı ilə bitki yağı və digər qatqıların nəticəsində hazırlanan yağlar satılır.
Həmçinin heyvanın kəsimindən sonra qalan iç yağı, xaricdən gətirilən palma yağları qarışdırılır və müəyyən komissiyaya çatdırılandan sonra qablaşdırılır, etiketlənir, kərə yağı adı ilə əhaliyə satılır.
Əslində, kərə yağı baha olmalıdır, həm də iyindən hiss olunmalıdır ki, bu kərə yağıdır. Yalnız qismən Almaniyadan, Fransadan gətirilən yağlara demək olar ki, onlar kərə yağıdır.
Bu müddət ərzində AQTA tərəfindən hansısa mənşəyi bilinməyən və ya kərə yağı adı ilə satılan palma yağının aşkarlanması, bu haqda ictimaiyyətə məlumat verilməsi faktına rast gəlinməyib.
Ölkəyə Fransadan, Avstraliyadan tutmuş Belarus, Rusiya, Ukrayna, hətta Dağıstandan yağlar idxal edilir. Amma Q.Təhməzlinin qurumu ictimaiyyətə məlumat vermir ki, hansı araşdırmalar aparıblar.
Elə bunun nəticəsidir ki, gömrükdə “korifey” inhisarçılardan olan, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun tərəfindən ölkəyə palma yağları gətirilir.
AQTA isə Ə.Məlikovun “kəsdiyi başa sorğu yoxdur” prinsipi ilə fəaliyyəyt göstərir və heç bir araşdırma aparmır.
O, “Broker” MMC-nin əvəzinə “Delta Qrup C.O.” MMC vasitəsi ilə Azərbaycana yağ idxalına nəzarət edir. Bu yağlar isə kərə yağı adı altında xalqa ucuz sırınan palma yağları olduğu iddia edilir.
Dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Yəni dünya elminin təsdiq etdiyini, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də təsdiq edib.
Qeyd olunur ki, doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olur.
Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.
Amma maraqlıdır ki, agentliyin açıqlaması yalnız trans yağların insan orqanizminə zərəri haqdadır. Azərbaycanda bu halın olub-olmaması haqda informasiya verilmir. İnsanların həyatı üçün sağalmaq xəstəliklərə səbəb olacaq bu kimi yağların istehsalçıları da açıqlanmır.
Mediada mütəxəssislər yerli istehsalda nəinki palma yağından hətta neftdən alınan yağlardan da bitki yağlarının hazırlanmasında istifadə olunduğu bildirilir.
İndi bunların yaxasınsan tutmaq lazımdır ki, 2 ildir ki, fəaliyyət göstərirsiz, hansı fakta əsasən bu qərara gəlmisiz? Nə aşkarladınız?
Hansı müəssisədə idxal olunan və ya yerli istehsal olunan yağların tərkibində hansı qatqı maddələrini əldə etmisiz? Bunu açıqlamalıdırlar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO-nun lobbiçiliyini aparır. Məsələn, bir neçə ay əvvəl AQTA GMO-lu qidaların siyahısını vermişdi. Bu siyahıdan əvvəl GMO-lu qidaların sağlamlığa zərərli olmaması barədə müqəddimə yazmışdılar. Bu, elə lobbiçilikdir.
Digər tərəfdən, ölkəyə GMO-lu məhsulların idxalının qadağan edilməməsi, ölkədə GMO istehsalına məhdudiyyətlərin qoyulmaması və orqanik qida istehsalı sahəsinin genişləndirlməsinə investisiyaların yatırılmamasının özü də GMO lobbiçiliyidir. Orqanik qidalara dəstək lazımdır ki, inkişaf edə bilsin.
Bazarlarda satılan GMO-lu meyvələr aldadıcı görünüşü var, həm gözəgəlimli, həm də dadlı olurlar. Ona görə də orqanik məhsulların rəqabətə davam gətirməsi bir qədər çətinləşir.
Xatırladaq ki, qida bazarında əhalinin təhlükəsizliyinə bir yamaq ola bilməyən Qoşqar Təhməzli özünə gün ağlamaqla, Avropada xalat biznesi qurması ilə məşğuldur.
Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Qoşqar Təhməzli Slovakiyadakı “Saffran” S.R.O. şirkəti vasitəsiylə hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: saffran.sk).
Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir.
Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Qeydiyyat ünvanı: Špitálska 53
Bratislava – mestská časť Staré Mesto 811 01.
Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Qoşqar Təhməzli öz adına rəsmiləşdirilib.
25 dekabr 2017-ci ildə cənab Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir.
2018-ci il iyulun 3-də “Saffran” S.R.O. Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.
Yəni, xalqa təmiz yağ satılmasına nəzarət etməsə də, işləri yağ kimi getməkdədir. AQTA-nın fəaliyyətsizliyi təkcə yağ məhsullarında öz əksini tapmır, digər sahələrdə də heç nə dəyişməyib.
Növbəti araşdırmamızı qaçırmayın…
Reportyor.info-nun Araşdırma Qrupu