“Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşan cazibədar aktrisa Çimnaz Sultanova müğənniliyə başlayıb.
Oxu.Az xəbər verir ki, sənətçi sözləri və musiqisi Miro İsgəndərova məxsus “Olmaz-olmaz” adlı mahnısına klip çəkdirib.
Bəstəni isə rejissor Nail Naiboğlu ekranlaşdırıb. Klip Astarada lentə alınıb.
Çimnaz açıqlamasında bildirib ki, o, klipdə təbiətin dörd ünsürü olan od, su, torpaq və yeli təcəssüm etdirib:
“Qadının gözəlliyi möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda, qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir.
O mələk ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir... Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəedicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz”.
Qeyd edək ki, klip sənətçinin rəsmi “Youtube” kanalına dörd saat öncə yayımlanıb.