Əlbir olub bir məmur bir..., Aldatdılar yetimi yalan ilə

Deyirlər “Axirət günü”ndə bir qrup insanlar öz ombalarının ətini qoparıb yeyə-yeyə məhşər ayağına gətiriləcəklər. Onlar o kəslərdir ki, fani dünyada yetimlərin malını yeyib, haqqını talayanlardır. Məqalənin girişindən mövzumuzun nədən getdiyini yəqin ki, anladınız.

“DogruXeber.az” redaksiyasının ünvanına müraciət edən vətəndaş Kazımlı Seymur Ağalar oğlu uşaq yaşlarından ata-anasını itirib, internat məktəbində dövlətin himayəsində böyüyüb. Bacarıqlı gənc olan Seymur ictimai fəaliyyətinə görə dövlət tərəfindən dəfələrlə mükafatlandırılıb. Dövlət özünün yetişdirdiyi gəncin qayğısına qalaraq hətta Masazır qəsəbəsində onu evlə təmin edib. Seymur ailəlidir və iki azyaşlı övladı var. Bəs onda Seymuru narazı salan nədir və ya kimdir?

Yuxarıda qeyd etdiyimiz kimi haqqında bəhs etdiyimiz gənc öz əhatəsində yüksək nüfuza sahibdir. Onun belə bir məziyyətləri olduğunu görən QHT rəhbəri və eləcə də Müşfiq Əlillər Cəmiyyətinin sədri Validə Abbasova bundan yararlanmağa və dostlarını da yararlandırmağa çalışır. Seymura bildirir ki, Masazır qəsəbəsində tikilən sosial təyinatlı mənzillərdə növbəsiz ev almaq üçün əhatəsində olan internatda böyümüş gənclərə “kömək” edə bilər. Bunun üçün müəyyən qədər nəğd qarşılıq ödəməlidirlər. Nəzərdə tutulan nəğd qarşılığın məbləği 1000 AZN ilə 3000 AZN arasında müəyyən edilir. Validə Abbasova onu da qeyd edir ki, Dövlət Sosial Müdafiəsi Fondunun şöbə müdiri Vüqar Behbudovla, onun katibəsi Pərvanə xanımla, DSMF-nun nümayəndəsi Adət müəllimlə, Masazır Məzunlar Evinin direktoru Ruxsarə Abdullayeva ilə birgə öz qrupları vardır. Yuxarıda qeyd etdiyimiz məbləği verən vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tez bir zamanda sosial mənzillə təmin olunur. Validə Abbasovaya güvənən Seymur əhatəsində olan özü kimi internatda böyüyən gəncləri yuxarıda adlarını qeyd etdiyimiz qrupla tanış edir. Dövlət tərəfindən qayğı ilə əhatə olunan Seymur, dövlətin məmurlarına gövənib, özü kimi insanlara yaxşılıq etmək istəyir. Bu minvalla Seymur əlli nəfər şəxsi bu qrupla tanış edir və onlar da tələb olunan “şirinliyi” təqdim etməklə ev alacaqları günü gözləyirlər. Lakin o haradan bilərdi ki, etdiyi yaxşılıq sonunda özünə böyük problem yaradacaq. Nəhayət vaxt çatıb,vədə yetişən zaman əlli nəfərdən yalnız on nəfər mənzil sahibi olmaq xoşbəxtliyinə nail olurlar. Yerdə qalan otuz səkkiz və ya qırx nəfərin isə min bir zəhmətlə əldə edib verdikləri “şirinik”də gedir, ev də ala bilmirlər. Yuxarıda bir faktı qeyd etməyi nəzərdən qaçırdıq ki, şikayətçinin söylədiyinə əsasən vətəndaşlardan yığılan vəsaitləri çox zaman Validə Abbasovanın oğlu Səbuhi şəxsən özü götürüb və Səbuhi özü isə prezident aparatının işçisidir.

Mənzil əldə edə bilməyən vətəndaşlar Seymurdan haqları olanı tələb edirlər. Vəziyyətin kəskin olduğunu Validə Abbasovaya və Ruxsarə Abdullayevaya söyləyən şikayətçimizi, xanım məmurlar “görüş”ə dəvət edirlər. Bildirirlər ki, Vüqar Behbudov vətəndaşlardan alınan pulların geri qaytarılmasını söyləyir. Lakin vətəndaşların sərt tələblərindən ehtiyat edən Seymur onların mövqeyini bildirir və evlə təmin olunmaları tələblərini qrup üzvlərinə çatdırır. Zərərçəkən şəxslərin mənafeləri üzərindən çıxış edən Seymurun mövqeyi onlara xoş gəlmir. Ona hədə-qorxu gəlirlər. Vəziyyətin bu şəkil aldığını görən Seymur onlarla apardığı danışıqların səsyazmasının əlində sübut olduğunu bildirib. Üzləşdiyi qanunsuzluğa görə əlində olan maddi sübutları hüquq-mühafizə orqanlarına təqdim edib. Qarşılaşdıqları mənzərənin önündə isə Validə Abbasova və Ruxsarə Abdullayeva ona:- “Sən atasız-anasız yetim uşaqsan. Arxanda dayananın yoxdur. Biz pulumuzu verib qurtaracağıq. Səni kim qurtaracaq?” deyə təhdid edirlər. Doğurdan da dedikləri kimi də edirlər. Hadisədən az sonra Seymurun ikinci övladı dünyaya gəldiyi zaman onu Abşeron rayon Polis İdarəsi tərəfindən həbs etdirməyə nail olurlar. İşin istintaqın aparan müstəntiq Ayaz sanki qatı cinayətkar həbs etmiş kimi fəxr ilə Seymurun işini prokurorluğa göndərir. Prokurorluq isə müstəntiqdən heç də geri qalmayıb iyirmi dörd saat ərzində “qatı cinayətkar”ın həbs olunması tələbi ilə hakim qarşısında çıxış edir. Bu minvalla üç ay həbs olunma cəzasına məhkum olunan Seymur nəhayət azadlığa çıxır. Lakin korrupsiya içində boğulan qrup üzvləri bundan narahat olub prokurordan onun həbs olunaraq istintaqının aparılmasını “tələb” edirlər. Prokurorun əksinə olaraq isə hakim ittihamçını sərbəst buraxır.

Siz qəhramanımızın başına gətirilən macəradan kifayət qədər hali oldunuz. Bəs bu cinayət halının iştirakçıları olan Vüqar Behbudov, Validə Abbasova, Ruxsarə Abdullayeva, Pərvanə, Adət, QHT rəhbəri Gülarə, QHT rəhbəri Araz Əhmədov niyə Seymurla bir cərgədə dayanmayıblar? Doğrudur, Seymurun hərəkətlərinə haqq vermək haqsızlıqdır. Lakin adlarını sadaladığımız bu səlahiyyət sahibi məmurların və onların qara əməllərini ört-basdır edən müstəntiq Ayazın, prokurorun hərəkətlərinə nə ad vermək olar? Seymur cinayət edibsə məlumdur ki, onu buna təhrik edən xoş niyyəti və adları çəkiləm rüşvətxor məmurlara olan etimadı olub. Bəs dövlətin etibar etdiyi məmurları vadar edən nə idi? Əlbəttə ki, tamah və dibi görünməyən qaranlıq quyu kimi nəfsləri.

Müstəntiq adları sadalanan məmurların xətrinə dəyməkdən çəkinəcəyindən ehtiyat edib danışdırmasa da , biz redaksiya olaraq qarşı tərəflərin mövqelərini öyrənmək üçün onlarla əlaqə yaratdıq. Əlaqədə olduğumuz məmurların bəziləri, bizimlə danışmaqdan imtina etdi, bəziləri telefonu üzümüzə bağladı. Araz Əhmədov isə onlardan fərqli olaraq haqqında söylənilənləri təkzib etdi. Onun bu hadisələrlə heç bir əlaqəsi olmadığını bildirdi. Lakin bir həqiqəti unutmayaq ki, “Od olmayan yerdən, tüstü çıxmaz”.

Biz mətbuat orqanı olaraq, əlimizdəki səlahiyyətlər yalnız ona yetir ki, cəmiyyətdə baş verən neqativlikləri aşkar edib ölkə rəhbərliyinə çatdıraq. Bu missiyamıza da vicdanla yanaşmağa çalışırıq. Son olaraq isə onlara bir həqiqəti xatırlatmaq istərdik ki, yazımızın girişində söylədiyimiz kimi fani dünyanın səfasına uyub, əbədi olan Axirətinizi bada verib, ombalarınızın ətini yeyənlərdən olmayın.

Qeyd: Məqalənin içərisində bəhs etdiyimiz səs yazılarının kiçik bir qismini sizlərə təqdim edirik.

Növbəti buraxılışımızda digər video və audio yazılarını, Əmək və Əhalinin Sosial
Müdafiyə Naziri haqqında söylənilən ağır ifadələri diqqətinizə çatdıracağıq.


“DogruXeber.az