Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb.
Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
“Azərbaycan inciləri” sərgisi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Sonra qonaqlar “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinə də baxdılar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı nadir kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti tarixinə də geniş yer verilib. Burada 50-dək milli musiqi aləti yer alıb. Sərginin muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək də mümkündür.
Daha sonra qonaqlar “Kukla incəsənətdə” sərgisi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Ekspozisiyadakı sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.
Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib:
- Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.
Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.
Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.
Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.
Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.
Sonda xatirə şəkli çəkilib.