Bacısının başını kəsən qız yenidən məhkəmə önündə

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yeni xəbər var.

AzBaku.info Lent.az-a istinadən xəbər verir ki, prokuror Sabunçu məhkəməsinin P.Nuriyevanın barəsində verdiyi qərardan apellyasiya protesti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun icraatına verilib.

Proses noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, qətl 2014-cü ilin oktyabr ayında Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Və beləliklə, P.Nuriyeva azadlığa çıxıb.

Xatırladaq ki, bacıların atası Etibar Nuriyev Şəkidə tanınan biznesmendir.