Müğənni Xatun Əliyeva “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qalmaqallı etirafı ilə gündəmi alt-üst edib.
Oxu.Az xəbər verir ki, sənətçi ad çəkmədən bir məşhurun utancverici hərəkətini canlı efirdə danışaraq, onu el ilə bir edib:
“Bu yaxınlarda eşitmişəm ki, tanıdığımız bir müğənniyə otuz manat qiyməti olan doldurulma ətir veriblər. O da həmin ətri başqa bir müğənninin doğum gününə hədiyyə aparıb. Həqiqətən də çox gülüncdür. Onlar özlərinə hörmət etmirlər”.
Xatunun söylədiklərindən təəccübünü gizlədə bilməyən proqramın aparıcısı Tarix Əliyev (Tolik) ad günlərinə ucuz hədiyyələrlə qatılan tanınmışları ağ yuyub, qara sərib:
“Restoranda menyu əlli manatdır. Sən bura gəlmisənsə, anlamalısan ki, ən azından masanın yer pulunu ödəməlisən. Bir də görürsən ki, həmin tanınmış tək deyil, yanında prodüserini də gətirir. Onda hesab artıq yüz manat edir. Artıq sən bir yeri məşğul etmisən də...
Elə də olur ki, bəziləri ad gününə özü ilə bir neçə adam gətirir, hədiyyəsi də 40 manat qiymətində ətir olur”.