Azərbaycanda daha iki nəfər koronavirusdan öldü, 30 yeni yoluxma aşkarlandı - RƏSMİ

“Azərbaycanda daha 30 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 56 nəfər müalicə olunub və evə buraxılıb”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, iki nəfər vəfat edib.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.