“Mən və anam hər zaman birlikdə olmuşuq. Bizim nə qardaşımız, nə də atamız olub. Hər şeyi təkbaşına etmişik. Anamla qürur duyub, fəxr edirəm. Həyata bir dəfə də gəlsəydim, çox istərdim ki, Rəqsanənin qızı olum”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın populyarlıqda özündən geri qalmayan ifaçı qızı Aysun İsmayılova Xəzər TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramında deyib.
Aysun kövrələrək anası haqqında bu sözləri dilə gətirib:
“Anam mənə atasızlığın nə olduğunu hiss elətdirməyib. Anam Rəqsanənin heç bir addımından utanmamışam. O nə edibsə, ailəsini saxlamaq üçün edib”.
Verilişin gedişatında canlı efirə qoşulan Rəqsanə İsmayılova Rusiyada bu günlərdə 4700 imkansız ailəyə yardım etdiyini açıqlayıb:
“Hələ də yardımlar etməkdə davam edirəm. Bu missiyamı orucluq ayındada davam etdirəcəyəm. Azərbaycanda yaşayan 1000 imkansız ailəyə yardım payı göndərəcəyəm. Yardım payı ilk olaraq Cocuq-Mərcanlıda yaşayan ailələrə veriləcək. Daha sonra paylar Laçın və Cəbrayıl rayonlarından olan köçkünlərə göndəriləcək.
And olsun Allaha, aprel ayının üçündən yardım kampaniyasına başlamışam. Səhərə yaxın evə gəlirəm. Heç uşaqlarımın üzünü belə görmürəm. Yuxu nədir, heç bilmirəm. Məndən əlavə burada 30 nəfər insan çalışır və mənə köməklik edir”.
Qeyd edək ki, Rəqsanə İsmayılova məşhur iş adamı Fazil Əmiraslanovla ailə həyatı qurub. O, beş ildən çoxdur Rusiyanın paytaxtı Moskva şəhərinə köçərək orada müğənniliklə məşğul olur. Sənətçinin üç qız, bir oğlan övladı var.