Şübhəli xəstələrdən nümunələr əsasən, xəstəxana şəraitində, xüsusi yığımlardan istifadə etməklə və özəl hazırlıq keçmiş mütəxəssislər tərəfindən götürülür. Xəstəliyin müalicəsi yalnız stasionar şəraitdə aparılmalıdır.
Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.
Qaydalara əsasən, xəstə ilkin olaraq ambulator tibb müəssisəsinə müraciət edərsə, dərhal stasionara (xəstəxanaya) göndərilməlidir. Tibb müəssisəsi ilkin əksepidemik tədbirləri həyata keçirməlidir (lazımi tibbi yardımın göstərilməsi, müvəqqəti təcrid olunması, evakuasiyası, dezinfeksiyanın aparılması, məlumatın vaxtında GEM-ə verilməsi).
COVID-19-a yoluxmuş və ya yoluxma şübhəsi olan şəxslərdən nümunələr tibb müəssisəsində xüsusi qaydalara riayət olunmaqla alınmalı və müəssisə rəhbərinin ciddi nəzarəti altında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə (XTİNM) daşınmalıdır.
Nümunələrin daşınması üçün xüsusiləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilməlidir. Alınan nümunələrin müayinəsi XTİNM-in laboratoriyalarında aparılmalıdır.
Əlavə olaraq, zəruri hallarda PZR (polimeraz zəncirvari reaksiya) aparatı ilə təchiz olunmuş mobil əksepidemik dəstələrin bölgələrə göndərilərək nümunələrin götürülməsini və müayinəsini aparmasının da mümkün olduğu qeyd olunub.