Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü - MƏHKƏMƏ

Gəncədə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


AzBaku.org xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Gəncənin Zülfi Hacıyev küçəsində baş verib. Salyan sakini, 33 yaşlı Zaur Orucov həyat yoldaşı, 24 yaşlı Nuranə Quliyevanın yataq otağının pəncərəsindən içəri daxil olub. Zaur Orucov qadının ondan boşanmaq istəməsi səbəbindən özü ilə gətirdiyi bıçaqla Nuranəyə 8 zərbə endirib.

N.Quliyeva xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zaur Orucov saxlanılıb.