Türkiyənin Bursa şəhərində oğlunu boğaraq öldürən keçmiş futbolçunun, onun məzarında “dünyaya bel bağlamayın” yazısı ilə paylaşımı ortaya çıxıb.
Sondakika.com xəbər verir ki, Türkiyə Super Liqasının keçmiş futbolçusu Cevher Toktaşın beş yaşlı oğlu Qasım Tokaş aprelin 23-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Həmin gün uşağın yanında qalan C.Toktaş oğlunun vəziyyətinin pisləşməsi barədə həkimlərə xəbər verib.
Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi koronavirusla əlaqədar olaraq nəfəs çatışmazlığı kimi qeyd olunub.
Hadisədən 11 gün keçəndən sonra C.Toktaş polisə gedərək oğlunu özünün öldürdüyünü etiraf edib. O, oğlunu sevmədiyini və xəstəxanada əsəb pozğunluğu keçirərək onu boğub öldürdüyünü deyib:
“Xəstəxanada arxası üstə yatan oğlumun üstünə yastıq basdım və çırpınsa da, 15 dəqiqə onu qaldırmadım”.
Uşağın meyiti ekspertiza üçün morqa göndərilib.