Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatında çökmələr baş versə də, bir çox iş adamları yaranmış vəziyyəti düzgün qiymətləndirərək bu dönəmdə sürətlə inkişafa doğru getdi.
Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən tekstil fabriki indi Avropadan gələn sifarişləri yerinə yetirmək üçün cəsəd torbaları tikir. İtaliya, İngiltərə və Fransadan ümumilikdə bir milyon cəsəd torbası sifarişi alan fabrik verilən tələbi qarşılamaq üçün gecə-gündüz çalışır.
2014-cü ildə köynək tikmək üçün yaradılmış bu fabrik ayda 70 min ədəd məhsul istehsal edərək İspaniya, Almaniya, Belçika və Yaponiyaya satırdı. Bu il mart ayının 11-dən etibarən fabrik profilini dəyişərək xaricdən gələn tələbləri qarşılamaq üçün ancaq cəsəd torbalarının tikişi ilə məşğul olur.
Gündə 6 000 cəsəd torbası istehsal edən fabrikin bir bölümü də tibb işçiləri üçün tulum və maska istehsalı ilə məşğuldur.Fabrikdə sosial məsafə qaydalarına əməl edilir, işçilər işə yalnız maska ilə buraxılırlar.