Azərbaycanlı müğənninin həyat yoldaşı 30 minlik dələduzluq edib - VİDEO
Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəylinin dələduzluq etdiyi barədə iddialar səslənib.
AzBaku.org xəbər verir ki, Ofeliya Kərimova adlı qadın ARB televiziyasında yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında N.Əzizbəylinin onu aldadaraq, 30 min manatını mənimsədiyini açıqlayıb.
O.Kərimova məhkəməyə qədər uzanan qalmaqallı məsələni belə nəql edib:
“O, xanıma inandım. Onun adı Nərmin yox, Afaqdır. Məni aldatdı. Onların “Nizami” metrosu yaxınlığında anasından qalan bir otaqlı köhnə evləri var. Söhbət 2014-cü ildən gedir. Uşaqlarımız bir məktəbdə oxuyurlar. Bu qadın həmin evi mənə göstərdi, dedi ki, 30 min manatım var. Ağladı ki, başqa yerdən ev alma, anamdan qalan ev var, gedək, göstərim. Evə baxdım və razılaşdım həmin evi almağa.
Banka getdik, pulumu çəkdirdi və məni aldatdı. Pulları alandan sonra söylədi ki, evin sənədləri yoxdur. Sənəd düzəltdirirəm. Məsələ ilə bağlı dəfələrlə məhkəmədə olmuşuq. Məhkəmə mənim xeyrimə qərar çıxarıb. Hazırda iş icradadır”.
Müğənninin həyat yoldaşı N.Əzizbəyli canlı efirə zəng edərək, O.Kərimovanın həqiqəti söylədiyini və bir ay ərzində həmin məbləği ona geri qaytaracağını bildirib:
“Ofeliya xanımı tanıyıram. Bizim övladlarımız bir məktəbdə oxuyurlar. Ərimin bu məsələdən xəbəri yoxdur. O, 30 mini bütöv verməyib, az-az verib. Ona üç il ərzində hər ay 200 manatı əlbəəl qaytarmışam. O pulu ondan alanda notarius yox idi.
Bir il sonra o xanıma dedim ki, sizi aldatmıram, evimiz sökülsün, pulunuzu qaytaracağam. Ondan sonra dedi ki, mən notariusa qol çəkmirəm ki, mənə hər ay 200 manat ödəmisiz. Ofeliya xanıma borcum olduğunu danmıram. Bu ayın axırına 30 minini qaytaracağam.
Evimiz pis vəziyyətdədir, söküləcək. Təzyiqim yüksək olduğundan sabah xəstəxanaya yerləşəcəyəm. Üç dəfə ağır əməliyyat keçirmişəm”.
Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evi yararsız vəziyyətə düşdüyü üçün ATV telekanalında yayımlanan “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.oxu.az