Deputatdan Ramiz Mehdiyevə ağır ittihamlar: “Ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir”

Deputatdan Ramiz Mehdiyevə ağır ittihamlar: “Ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir”












Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi ittiham edib.
Oxu.Az-ın xəbərinə görə, F.Ağamalı bildirib ki, ölkədə islahatların uğurlu aparılması üçün Prezidentə, dövlətçiliyə sadiq olan komanda formalaşmalı idi.
Onun sözlərinə görə, ölkə başçısı bu baxımdan addımlarını atdı, içərisində yaşadığımız islahatlara start verdi.
“İllər boyu şəbəkələşmiş yırtıcı dəstənin yüksək səviyyədə himayəçisinin təmiz imici olan, ambisiyalardan uzaq, nəcib gənclə əvəz olunması, administrasiyaya yeni nüfuzlu şəxslərin gətirilməsi, komandanın əsaslı şəkildə vətənpərvər, müasir dünyagörüşlü, müstəqillik illərində formalaşan gənc kadrlarla təşkil olunması ciddi niyyətlərdən xəbər verirdi”, - deyə F.Ağamalı əlavə edib.
Millət vəkili hesab edir ki, R.Mehdiyevin yeni komandaya qarşı ikrah dolu eyhamları var.
Bildirib ki, R.Mehdiyev onları gözdən salmaq kampaniyasını həyata keçirib. F.Ağamalı deyib ki, R.Mehdiyevin yazılarla, dedi-qodu və şayiələrlə məlumatları dövriyyəyə buraxması dövlətçiliyimizə, xalqımıza qarşı nifrətdən qaynaqlanan davranışlardır.
Partiya sədrinin fikrincə, yenilənmələrin, müasirləşmənin reallaşmasına əngəl törədən, ona mane olan korrupsiya və rüşvətxorluq minumuma endirilməli və sıfırlanmalıdır.
Deputatın sözlərinə görə, Ramiz Mehdiyev bütün gücünü, potensialını və şəbəkəsini işə salsa da, Milli Məclis seçkilərini pozmaq kimi məkrli istəyinə çatmadı:
“Dayaqlarını Milli Məclisdə əhəmiyyətli dərəcədə itirən “boz kardinal”ın təhlükəli və uzun illər inkişafımıza, idarəçilik sistemimizə, sağlam siyasi və mənəvi-psixoloji mühitimizə çirkab püskürən rüşvətxor - korrupsioner piramidasına qarşı yüksək səviyyədə amansız və güzəştsiz mübarizə başlandı.
Xalqımızın və dövlətimizin qanını zəli kimi soran vampirlərə yönələn qətiyyətli siyasi iradə xalqımız tərəfindən dəstəklənməkdə və yüksək qiymətləndirilməkdədir. Proses yeni başlayıb və davam edir. Uzun illər boyu hökm sürən korrupsiya və rüşvətxorluq piramidası demontaj olunur.
Artıq beş icra başçısı, onların qəsəbə və kənd nümayəndələri, Mədəniyyət Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli əməkdaşları və digərləri acı talelərini yaşayırlar. Şübhəsiz ki, aparılan islahatların tərkib hissəsi, vacib elementi kimi korrupsiyaya, rüşvətxorluğun və bu eybəcərliyin himayəçilərini cəmiyyətimizdən və dövlət strukturlarından təmizlənməsi sona qədər gedəcək”.

F.Ağamalı Ramiz Mehdiyevi illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı, sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən şəxs kimi dəyərləndirib.
“Yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir.
Lakin zamanın qaçılmaz çağırışlarının və qətiyyətli siyasi iradənin perspektivsiz ambissiya, şəxsi və tayfa maraqlarını ümumxalq və dövlət maraqlarından üstün tutan marginal məkrli qüvvələr üzərində tam qələbəsi sosial sifarişdir, strateji hədəfdir və günümüzün reallığıdır.
Rəhbərliyi yenilənən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin dövlətçiliyimizə sadiq əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin qara maskalı, “ağ niyyətli” oğlanları cənab Prezidentin siyasi iradəsinə söykənərək, öz şərəfli missiyalarını uğurla yerinə yetirməkdədilər”, - deyə F.Ağamalı söyləyib.
Qeyd edək ki, Ramiz Mehdiyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.