Şəhla Bağırzadə: “Ümid edirik, həftəsonuna kimi süni tənəffüs aparatından ayrılacaq”

Şəhla Bağırzadə: “Ümid edirik, həftəsonuna kimi süni tənəffüs aparatından ayrılacaq”










Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadəni ötən gün ECMO cihazından ayıraraq, süni tənəffüs aparatına qoşublar.
Qafqazinfo-ya açıqlamasında həyat yoldaşı Şəhla Bağırzadə bildirib ki, ötən gün aparatdan ayrılmasına baxmayaraq, B.Bağırzadənin vəziyyəti kritik olub:
“Hazırda süni tənəffüs aparatındadır. 24 saatı, şükür ki, qənaətbəxş keçirib. Ümid edirik, bu həftənin sonuna kimi süni tənəffüs aparatından da ayrılacaq”.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyi məlum olmuşdu.
Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq konsilium keçirilmiş və xəstənin ECMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.