Bu gün zəmanəmizin dahi saz ustadı aşıq Ədalətin 40 mərasimi keçirildi. Ehsandan sonra 40 mərasimini Ədalətin özü apardı desəm səhv etmərəm. Məclisin mollası da, oxuyanı da, çalanı da, tamadası da Ədalət oldu.
Ədaləti dinlədikcə, videolara baxdıqca o dağdan bu dağa, eldən elə gedib gəldi məclisdəkilər.
Ədalət çaldıqca, Ədalət oxuduqca mən də gah keçmişə gedirdim, gah bu gündə dolanırdım, gah da gələcəyə səyahət edirdim.
Düşünürdüm ki, Azərbaycan tarixində Ədalət kimi saz ifaçısı olmayıb. Çünki bu yaşıma kimi böyük aşıqların çoxusu ilə ünsiyyətdə olmuşam. Onların həm oxumasını, həm də çalmasını dinləmişəm. Heç kim Ədalət kimi çala bilməyib. Ədalət hamıdan yüksəkdə olub.
Saz sənətində Azərbaycan bütün türk dünyasına nümunə olduğundan və Ədalət də hər kəsdən yüksək ifaçı olduğundan, o, bütün türk dünyasının saz mülkünün sultanı idi.
Ədalət çalanda elə bil orkestr çalırdı.
Oxumaqda və səsdə Ədalətdən daha güclü aşıqlar görmüşük. Belələri bu gün də var. Amma Ədalət özünün insanı ovsunlayan ecazkar çalğısıyla öz səsini məharətlə idarə edirdi. Ədalət sazının ecazkar sədaları Ədalətin oxumasına əvəzsiz bir gözəllik verirdi.
Saz Ədalətin səsini idarə edirdi. Ədalət sazı qəlbiylə idarə edirdi.
Ədalət özünün sazıyla bütün tarizənlərimizlə, bütün pianoçularımızla yarışa bələrdi, qalib gələrdi.
Ədalət 20 və 21-ci əsrlərin Paqaninisi idi.
Bir məqamda Ədalət elə çaldı ki, elə bildim Azərbaycanın və dünyanın dahi müğənnisi Müslüm Maqomayev oxuyur.
Ədalət əməkdar incəsənət xadimi idi. Amma Ədalət bütün adlardan və titullardan yüksəkdə dayanıb.
Ədalət özünə heykəl ucaldıb. Ədalətin heykəli insanların qəlbindədi.
Prof.Dr. Qüdrət İsaqov