Prezident əks qütbləri ilk dəfə bir araya gətirdi – ŞƏRH
Anar Həsənov: “Muzdlu ordu ilə informasiya müharibəsi aparan “strateqlər” maliyyənin tükənmə mümkünlüyünü də düşünməlidirlər”
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə xarici jurnalistlər, ictimai-siyasi xadimlər, ekspertlər səfərlər edir, müşahidələrini bölüşürlər. Əlbəttə, səfər edənlər içərisində münaqişə bölgəsinə, orada yaşayan insanlara baxışlar fərqlidir. Əksəriyyət ermənilərin Qarabağda törətdiyi vandalizmdən dəhşətə gəlir, işğalçıları qınayan açıqlamalar verir, Azərbaycan şəhərlərinin yerlə yeksan olduğu faktını söyləyir.
Amma bəziləri bu dağıntıları, vəhşilikləri görməzdən gəlməklə yanaşı, mövqelərində də siyasi qərəzə yol verirlər. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu beynəlxalq hüquqda təsbit edilib və Azərbaycan haqqı olanı, 30 ildir işğalda qalan ərazilərini geri qaytarıb. Amma bəzi xarici jurnalistlər yenidən qərəzli yanaşmalar sərgiləməkdə davam edirlər. Guya, Azərbaycan orada yaşayan erməni əhalisinin “hüquqlarını pozur”, onları “evlərindən didərgin salır” və s.
Məsələn, müharibədən sonra BBC-nin Rusiya ofisinin əməkdaşları Ermənistana, daha sonra Azərbaycanın Laçın şəhərinə səfər ediblər. BBC əməkdaşları Laçın dəhlizi ərazisində müşahidələrini qələmə alarkən bir yox, dəfələrlə xətaya yol veriblər. Belə ki, Birinci Qarabağ müharibəsindən sonra Laçına köç edən erməniləri reportajda “yerli əhali” adlandırırlar. Özü də, bir reportajda 1 dəfə yox, 7 dəfə.
Halbuki, Laçında işğaldan əvvəl bir dənə də olsun, erməni yaşamayıb və bu fakt, həqiqət bütün dünyaya bəllidir. İnanmaq çətindir ki, sözügedən faktdan BBC kimi media nəhənginin əməkdaşlarının xəbəri yoxdur. Yoxdursa, bu, lap pis. Reportajı oxuyarkən, ermənilərin “yazıq”, “məzlum” obrazını görməmək çətindir. Materialda bir qədər də Azərbaycanı ittiham etməyə cəhd var.
Biz zaman-zaman Qarabağ məsələsində Azərbaycana qarşı qərəz görmüşük – istər xarici jurnalistlər tərəfindən olsun, istərsə də ekspertlər, siyasilər tərəfindən. Belə qərəzi ən çox da Rusiya mediasında, ictimai elitasında müşahidə edirik. Məsələ burasındadır ki, həmin qərəzə, ittihamlara, haqlı mövqeyimizə dil uzadanlara cavab verən şəxslərimiz çox azdır.
Əcnəbilərin qərəzi və onlara tutarlı cavab verilməməsi məsələsi ilə bağlı AYNA-nın suallarını Moskvada yaşayan azərbaycanlı jurnalist, politoloq Anar Həsənov cavablandırıb. Müsahibimizin sözlərinə görə, hazırkı dövrdə jurnalistikada fikir faktı üstələyib:
- Hazırda fikir jurnalistikası fakt jurnalistikasından daha yüksəkdə dayanır. Əsas prinsipləri dəqiqlik, qərəzsizlik və düzgünlük olan BBC-nin xəta etməsinə səbəb nə ola bilər?! Nəzərə alsaq ki, BBC İngiltərəyə məxsus kütləvi informasiya vasitəsidir, keyfiyyətli media nümunəsi hesab olunur, düşünürəm ki, burada həmin reportajı hazırlayan jurnalistlər qeyri-dəqiqliyə yol veriblər. Bir daha deyirəm, istənilən hadisə ilə kütlə arasında təfsirçi, yəni KİV varsa, deməli orda subyektivlik var, çünki təfsirçi də seçicidir və vətəndaşdır, onun “məni” var. Başqa sözlə, təbiətdə xalis dəmir olmadığı kimi, həyatda da destilə edilmiş jurnalistika yoxdur. BBC-nin belə qeyri-dəqiqliyə yol verməsinin səbəbini jurnalistin məlumatsızlığında görürəm. Hesab edirəm ki, bu, bilməzlikdən, məlumatsızlıqdan doğan qeyri-dəqiqlikdir. Yəni demək olmaz ki, BBC qərəz nümayiş etdirir. BBC-nin mövqeyi və missiyası düşünmürəm ki, ermənipərəstliyi nümayiş etdirməkdir.
Bu yaxınlarda Rusiya KİV-də rastıma bir material çıxdı. Açığını deyim, Rusiyanın “Novaya” qəzetinin 11 oktyabr sayında Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Askold İvançik müsahibə verib. Müsahibəsində bildirib ki, Laçında yaşayanların əksəriyyəti kürddür və onlar ermənilərin müttəfiqidir. Yəni, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, alim tərəfindən belə bir yanlışlığa yol verilib. Əslində isə həmin materialın digər hissələrində tərəfkeşlik yoxdur. Bilinir ki, adam nə ermənipərəstdir, nə də Azərbaycana tərəfkeşlik edir. Tarix elmləri doktoru olub, belə xətaya yol vermək bilgisizlikdən qaynaqlanır.
Halbuki, Laçında yaşamış və bundan sonra da yaşayacaq kürdlər hər zaman Azərbaycan vətəndaşı olaraq öz dövlətlərinin, vətənlərinin milli maraqlarına xidmət ediblər. Görünür, İvançik Suriyadan və başqa Yaxın Şərq dövlətlərindən ermənilərin gətirdikləri muzdlu kürdlərlə Laçın kürdlərini səhv salıb, nəticədə isə belə bir yanlışlıq ortaya çıxıb. Dediyim odur ki, bu materialda qeyri-dəqiqliyi görürük. Amma bunun kökündə qərəz yox, məlumatsızlıq dayanır. Kim olur-olsun, səhv edə bilər – bu, alim də, ekspert də, jurnalist də ola bilər. Peşəkarlar da bəzi hallarda səhvə yol verə bilirlər.
- Amma biz Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən media quruluşlarını görmüşük. Xüsusən də Qarabağla bağlı Rusiya, Fransa kimi ölkələrin KİV vasitələrində ermənipərəst mövqe nümayiş etdirən yazılara rast gəlmişik. Eyni zamanda, jurnalistlər, ekspertlər də olub ki, açıq şəkildə ermənipərəstlik nümayiş etdiriblər. Məsələ burasındadır ki, həmin KİV-lərə, jurnalistlərə cavab verəcək, haqlı mövqeyimizi müdafiə edən azərbaycanlılara rast gəlmirik, olanlar da çox azdır. Bunun səbəbi nədədir?
- Bu sualınız statistikaya əsaslanmayıb və emosional xarakter daşıyır. Rusiyada həqiqəti deyən jurnalistlər, şərhçilər, mütəxəssislər var. Maksim Şevçenko, İqor Korotçenko, Ruslan Qurbanov kimi ekspertlər var. Söhbət Azərbaycan əsilli şəsxlərdən gedirsə, politoloq Samir Məmmədov, mediada fəal olan İslam Hüseynov və başqaları var. Bu baxımdan, mən deməzdim ki, səsimiz eşidilmir. Sadəcə olaraq, opponentlərimizin sayı çoxdur.
- Əlbəttə, demirəm ki, milli mövqeyimizin müdafiəçiləri yoxdur. Sizin də dediyiniz kimi, opponentlərinizin sayı çoxdur. Bunun səbəbi nədədir? Biz niyə çox deyilik?
- Bunun səbəbi bir çox amillərlə bağlıdır. Əvvəla, opponentlərimizin səsinin çox eşidilməsini şərtləndirən amillərdən biri odur ki, Rusiya ilə Ermənistan hərbi müttəfiqdir. İkincisi, ermənilər icma olaraq Rusiya ərazisində orta əsrlərdən yaşayıblar, kök salıblar – bu amil də rol oynayır. 1990-cı illərdə ermənilər (söhbət erməni diasporundan, Mixail Qorbaçovun ətrafında olanlardan gedir) Rusiya hakim dairələrində daha çox idilər. Eyni zamanda, “Qarabağa azadlıq” istəyən ermənilər, azadlıq adı altında SSRİ-nin dağılmasını təbliğ edən bir çox dissidentləri inandıra bilmişdilər ki, Azərbaycan da, guya, SSRİ-nin “miniatürüdür”. Bu analogiya ilə manipulyasiya edərək özlərinə dissidentlərdən ibarət tərəfdar qazanmışdılar.
Bütün bu amillər bu gün Rusiyada ermənilərin səsinin daha çox çıxmasına bir növ təkan verir. Yəni, Ermənistanla Rusiya arasında tarixi əlaqələr, siyasi amil, diaspor amili – bütün bunlar vəziyyətə təsir edir. Qaldı ki, niyə Azərbaycanın maraqlarını təmsil edənlərin sayının barmaq sayı qədər olmasına, bu sualı birincisi, Azərbaycanın Rusiyadakı səfirliyi, ikincisi isə Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlamaq lazımdır. Niyə biz 30 il ərzində say nisbətində balans yarada bilməmişik? Bəlkə də yaratmışıq, qoy, o qurumlar özlərinin statistikasını açıqlasın. Sizin suala cavabı lobbizmə ayrılmış maliyyənin hesabatını təhlil etməklə də tapmaq olar. Hesabat məsulların müsahibələri və yaxud şüarlarla, populizm ruhunda verilməməli, monitorinqin nəticələri ilə əsaslandırılmalıdır.
- Necə düşünürsünüz, maraqlarımızı müdafiə edən şəxslərin, KİV-lərin sayını necə çoxalda bilərik?
- Əvvəla, Rusiya KİV-i ilə danışıqlar aparmaq lazımdır. Xüsusən də, reytinqli media orqanları ilə müqavilələr imzalamaq olar. Bunun müxtəlif yolları var. Maliyyələşdirmək lazımdır ki, bunlar Azərbaycan həqiqətlərini mütəmadi olaraq işıqlandırsınlar. Müvafiq qurumlara Cənubi Afrika Respublikasının bu sahədəki 1970-ci illərin ikinci yarısından etibarən başlamış təcrübəsindən yararlanmağı məsləhət bilərdim. İkincisi, Azərbaycana pressturlar təşkil etmək lazımdır. Qarabağ məsələsi hələ də gündəmin əsas mövzusudur. Mediatur vasitəsilə rusiyalı jurnalistləri cəlb etmək lazımdır. Üçüncüsü, Rusiya cəmiyyəti üçün mənbə olan, cəmiyyətin istinad etdiyi blogerlərlə görüşmək, onların Azərbaycanın Qarabağ bölgəsinə səfərlərini təşkil etmək lazımdır.
Bu üç istiqamətdə iş görsək, böyük dəyişikliyə nail ola bilərik. Bu gün KİV-ə qoyulmuş 1 dollar, silaha qoyulmuş 10 dollardan daha vacibdir. Çünki KİV-ə sərmayə tez nəticə verə bilir. Bununla yanaşı, informasiya texnologiyaları sahəsində şifrəli təbliğat mütəxəssislərini işə cəlb etmək lazımdır ki, Azərbaycan həqiqətləri internet məkanında daha çox görünsün. Məlumdur ki, müasir media süni intellektlə idarə olunur. O süni intellektin imkanlarından istifadə edib, ölkəmizin həqiqətlərinə baxış saylarını artırmaq lazımdır. Müdafiə Nazirliyinin özündə də, strateji təhlil psixoloji və informasiya təsiri və əks-təsiri ilə məşğul olan idarə olmalıdır. Bir sözlə bu işə maliyyə ayırmaqdan başqa, həm də onun səmərəli isitfadəsi vacibdir. Maliyyəni kim ayırmalıdır: Azərbaycan diasporu, yoxsa Azərbaycan dövləti - bu, artıq başqa mövzudur.
- Sizcə, kim ayırmalıdır?
- Müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının müvafiq instansiyaları Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsi işində bir qayda olaraq təkbaşına fəaliyyət göstərir. Hərçənd ki, Heydər Əliyev Fondunun Rusiya üzrə nümayəndəliyi də işlər görür. Konkret şəxslərin də fəaliyyəti istisna deyil. Amma bu gün Maksim Şevçenkonun, İqor Korotçenkonun, Sergey Markovun və adlarını çəkmədiyim daha 2-3 ictimai şəxsin Azərbaycan sevdalısı olmasının kökündə heç bir diaspor təşkilatının rolu yoxdur. Bu, Azərbaycanın müvafiq orqanlarının həmin ekspertlərlə birbaşa əlaqə qurması nəticəsində baş verib. Deməli, Azərbaycan dövləti bizi sevənlərin sayını artıra bilər. O zaman opponentlərimizə qarşı vəziyyəti balanslaşdıra bilərik.
Düşünürəm ki, Azərbaycan dövlətinin Rusiyadakı fikir adamları ilə, ekspertlərlə, sözü dinlənən ictimai şəxslər və ya fikir mərkəzləri ilə əlaqə yaratması üçün alim, araşdırmaçı, ekspert, polittexnoloqların təmsil olunduğu güclü lobbist təşkilatına da ehtiyac var. Azərbaycana təmənnasız xidmət edən, Rusiya cəmiyyətində kifayət qədər nüfuzu olan soydaşlarımızı da unutmaq olmaz. Muzdlu ordu ilə informasiya müharibəsi aparan “strateqlər” maliyyənin tükənmə mümkünlüyünü də düşünməlidirlər. Bir halda ki, diasporla işləyən dövlət qurumu var, bu qurumun imkanlarından istifadə edib, ölkəmiz naminə çalışan, sözün əsl mənasında, fayda verən peşəkarlara müəyyən imkanlar yaratmaq, dəstək vermək, onları ümummilli məsələlərə cəlb etmək, təcrübələrindən bəhrələnmək lazımdır. Amma hələlik peşəkar soydaşlarımıza qarşı kampaniya, onlara qarşı qərəz, laqeydlik, psevdo və kvazilərə isə şəxsi maraq müqabilində qucaq açıldığını müşahidə edirik.
Müəllif: Anar Bayramoğlu 16 Mart 2021 10:20