Bu millətin qara beretliləri də vardı..

Bu millətin qara beretliləri də vardı..
















OMON (XTPD) da xidmət etmişlərə həsr edirəm.
OMON haqda ilk dəfə bizim məhəllədə "Рита" ləqəbli Fuaddan eşitmişdim. O Cəbrayıldan idi. Məcburi köçkün deyildi, çünki 91 cı il idi. Ləqəbinin tarixçəsi indinin özündə belə məni güldürür. Fuad təzə aldığı qırmızı Puma markalı o zaman dəbdə olan qırmızı şərfi biz, - "şəhər uşaqları" na Рита kimi təqdim etmişdi və o gündən Fuad təkcə Qarabağda döyüşən Omonçu qardaşı ilə yox, həm də Рита ləqəbi ilə tanınırdı... Bütün məhlə "Рита" Fuadın Omonçu qardaşını gözləyirdi. Fuad o qədər OMON un qəhrəmanlığından danışırdı ki..
91 cı il idi və Fuadın bu günə kimi adını bilmədiyim qardaşı ezamiyyətə gəlmişdi. Ya mən çox bəstə idim, ya o çox uca boylu, amma İlk gördüyüm Omonçu xatirimdə, təsəvvür etdiyim kimi nəhəng idi. Avtomatlı, mavi beretli gəlmişdi və bu nəhəngin məhəlləyə son gəlişi idi. Bir müddət sonra onun şəhidlik xəbəri bütün "millət"i sarsıtmışdı. Əslində 3 böyük binanı birləşdirən məhəlləmiz ölümü az görməmişdi. Rus qonşumuzun Əfqanıstandan bir neçə il öncə gələn meyidini məhəllə faciə kimi qarşılamamışdı, "uçastkovıy" Kamilin də şəhidlik xəbəri bir o qədər sarsıtmamışdı camaatı, hətta şaiyə gəzirdi ki, onu arxadan düşmənçiliyi olan özümüzkülər vurub, amma Fuadın Omonçu qardaşının şəhadəti məhəlləni yaman silkələmişdı..
Ekrandan ilk gördüyüm OMONçu isə Rövşən Cavadov idi...Çingiz Mustafayevin 215 KL studiyası çəkilişini Qarabağın müdafiəçilərinə həsr etmişdi. Heç kəsin xətrinə dəyməsin, amma bizim təsəvvürümüzdə bir Milli Ordu vardı və bir də ayrıca OMON. OMON a olan sevgi, ümid, inam indi xalqımızın XTQ yə olan bütün sadaladığım səmimi hissləri qədər idi. Və bu sevgidə Omonun əfsanəvi komandiri Rövşən Cavadovun böyük payı vardı. Kimsə deyə bilməz ki, Azərbaycan tarixində onun qədər cəsarəti, savadı, nitqi, xarizmanı, kişi qəddini və ümumxalq sevgisini özündə birləşdirən Polis olub. Bundan sonra çətin olsun və ümumiyyətlə indi polisin stereotipi haqda düşünəndə mən özümü xoşbəxt hiss edirəm. Çünki biz polis deyəndə əli dubinkalı təhlükəli insanları yox, erməni terrorçularının qorxulu kabusuna çevrilmiş əli kalaşnikovlu igidləri düşünmüşük...
Rövşən Cavadov öz həyat tərzi ilə bu dünyada əl-ayağının amputasiya edilməsinə hazır olan polis obrazını təbliğ etdi, amma yaxşı ki, ürəyini amputasiya, vicdanını abort etmiş nəslin də yetiçəcəyindən və məhz vəzifə bölgüsündə elələrinə üstünlük veriləcəyindən xəbəri olmadan getdi...
1995 ci il, mart ayı. Oxuduğum 8 a sinifi Novruzu qeyd etməliydi, amma bütün şagirdlər təcili evə buraxılmışdı, çünki 8 ci kilometrdə qardaş qırğınına əmr verilmişdi. Qarabağın müdafiəçilərini digərləri qırmağa gəlmişdi. OMON un "Vosmoy"dakı qərargahı məhv edilirdi və o sarıdan rayonda fövqaladə vəziyyət idi. Əslində həmin gün fərqli dəyərlərin, idealist düşüncənin, bir nəslin, fərqli tərbiyənin, köhnə həyat tərzinin, idealların, arzuların tam fərqli, - yenisi ilə əvəzləndiyi günlərə start verilirdi. Həmin gün qohumu, qonşusu, tanışılığındakı OMONLA fəxr edən azərbaycanlıların öz qəhrəmanlarının faciəsinə tamaşa etdiyi gün idi. Bu o gün idi ki, Azərbaycan xalqı öz lal, süst, don vurmuş, ölü münasibəti ilə Rövşən Cavadov kimi 100 illik çinarların qırılmasını müşahidə edib, əvəzində Elman Nəsirov, Naqif Həmzəyev, Emin Hacıyev, Səyavuş Novruzov və onlara tayların yetişməsinə bağbanlıq edəcəkdi və hələ bu xalq xəbərsiz idi ki, uzun illər nə 215 KL olacaq, nə də ki, meşədən dağdan, səngərdən müsahibə verən OMON lar...Bəli, bu xalq yeni igidlər yetişdirəcək, amma baş rollarda çaxır satan akademiklər, boz kardinal kimi sırınan, amma boz siçan qədər "tupikə" sıxılanda diş atmayacaq qədər cəsarətsiz siyasətçilər, aşağılansa da başına sıxmayan, zabit şərəfindən xəbərsiz dəbdəbəli həyat tərzi ilə poz verən generallar, "qalxmaq" üçün əyilə-əyilə gəzən deputatlar olacaq..
Həmin günün rüsvayçılığı həm də acı xatirə ilə kifayətlənməyəcəkdi: neçə-neçə uşaq çapıqlı gəzəcəkdi 95 in martından sonra. O uşaqlar ki, OMON un bazasını dağıdan ac əsgərlərə 5 türk bakuşu, 3 fars pam-pamı verib əvəzində 1 qutu 5.45, 7.62 gülləsi alıb, onu Novruz tonqalına partlatmaq üçün istifadə edəcəkdilər və həmin güllələr partlayıb onları çapıqlı, şikəst edəcəkdi və əslində heç kəsin ağlına da gəlmirdi ki, bu güllələr OMON a atılan güllələrin millətə dəyən "rikoşeti" idi...
p.s. Niyə mən OMONU xatırladım? Məgər biz onları unutmuşduq?!
Anar Həsənov
Bu millətin qara beretliləri də vardı..
Bu millətin qara beretliləri də vardı..