İnternetdə yol polisi ilə bağlı yayılan bütün görüntülər araşdırılır - Cəzalanan polislər var - VİDEO

Sürücülərə qarşı kobudluq edən 712 yol polisi cəzalandırılıb
Sürücülərlə kobud rəftar edən yüzlərlə yol polisi cərimə edilib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır.
Həmin şikayətlər əsasında idarədə araşdırmalar aparılaraq vətəndaşlara qarşı kobudluq edən yol polis əməkdaşları cərimələnib. Bir sözlə, bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsində intensiv mübarizə aparılır.
Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi qeyd etdi ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq. Kamran Əliyev onu da bildirdi ki, sürücü və yol polisi arasında olan hər hansı bir mübahisəli video sosial şəbəkələrdə yayılırsa, Baş Dövlət Yol Polisi İdarəsi onu dərhal araşdırır.
Yol polisi tərəfindən kobudluğa məruz qalan sürücülər Daxili İşlər Nazirliyinin ''102'' zəng mərkəzinə və yaxud Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' xidmətinə məlumat verə bilərlər. Həmin məlumat dərhal araşdırılıb sürücüyə məlumat verilir.