Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.
A24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.
Onun sözlərinə görə, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil.
Prorektorların attestasiyasının keçirilməsinin hələlik yalnız layihə olduğunu nəzərə çatdıran sektor müdiri əlavə edib ki, layihənin icrasına başlanıldıqda attestasiya ali məktəblərdəki bütün prorektorları əhatə edəcək.
S.Gözəlov qeyd edib ki, təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərən prorektor istisna olmaqla, bütün prorektorlar, yəni təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək:
“Bu, bir növ monitorinq xarakteri daşıyır. Onlara fəaliyyətləri ilə bağlı müəyyən tövsiyələr veriləcək. Ali məktəblərdə kifayət qədər uzun müddət prorektor işləyən şəxslər var. Onların həqiqətən də müəyyən qədər attestasiyasına ehtiyac var. Ancaq bu, layihədir. Attestasiyanın nə zaman keçiriləcəyi, aparılma metodikasının necə olacağı hələ konkretləşdirilməyib. Attestasiya ilə bağlı nazirliyin konkret qərarı olacaq. Qərar qəbul olunduqdan sonra onun keçirilməsi üçün müəyyən meyarlar müəyyənləşdiriləcək “.
S.Gözəlov ali məktəblərdə attestasiyaya yalnız prorektorların cəlb edilmə səbəbini də açıqlayıb.
Onun sözlərinə görə, ali məktəblərdəki professor-müəllim heyəti ali təhsil müəssisəsinin özü tərəfindən seçilir:
“Bu məsələ ali məktəblərin özlərinin səlahiyyətinə daxildir. Rektorların təyini Prezident tərəfindən həyata keçirilir. Prorektorlar isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Ona görə də attestasiyanın prorektorlar üçün aparılması nəzərdə tutulur”.