İranda etirazları dəstəkləyən eks-prezidentin qızı azadlıqdan məhrum edilib

İran İslam Şurası Məclisinin (parlament - Red) keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları dəstəklədiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Fars Haber” xəbər portalına onun vəkili Nida Şəms məlumat verib.
Onun sözlərinə görə, İran İslam Respublikasının eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin (1934-2017) qızı sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb.
“Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri guya nümayişə təhrik etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq”.
İran məhkəməsi həmçinin 60 yaşlı fəalı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib.
Qeyd edək ki, Faezeh Haşimi-Rəfsəncani 2009-cu ildə beş il müddətinə siyasi, mədəni və təhsil fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. 2011-ci ildə fəal islahat hərəkatının lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyi üçün həbsxanaya düşüb. (report)