Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir.
Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu davam edib.
Şuşa şəhərinə qarın yağmasına baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiya yerində heç bir insident baş verməyib.
Etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Hazırda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.