Baxın görün Bakıda tıxacı kimlər yaradır – Kütləvi qayda pozuntusu - VİDEO

Yolayrıcını keçmə qaydasını pozanlar başqalarını da qayda pozmağa məcbur edirlər
Dekabrın 5-də paytaxtın Vaqif prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində sürücülərin kütləvi şəkildə qayda pozması Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, saytın əməkdaşı öz avtomobili ilə Vaqif prospektində hərəkətdə olarkən yolayrıcında tıxacın olmasını görüb “stop xətt”in qarşısında dayanaraq yolayrıcının boşalmasını gözləyib. Bu zaman qanundan xəbərsiz və ya xəbəri olub intizamsızlıq edən 10-UC-692, 90-EG-031, 90-UU-400, 99-EK-625, 10-PX-402 qeydiyyat nişanlı avtomobillərin sürücüləri yolayrıcına daxil olaraq hərəkəti məhdudlaşdırıblar. Səməd Vurğun küçəsində yaşıl işıq yanan vaxt isə həmin küçədə hərəkət edən avtomobillərə çətinlik yarandığı üçün onlar piyada keçidinə çıxaraq hərəkət etməyə başlayıblar. Sonradan Vaqif prospektində yaşıl işıq yandıqda sürücülər yolayrıcında tıxacı görə-görə “stop xətt”in qarşısında dayanan avtomobilə siqnal verərək yolayrıcına daxil olub tıxac yaratmasını istəyiblər.
“Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsinin II hissəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bu qayda nizamlanmayan yolayrıclarına da şamil olunur.
Videodan aydın şəkildə görünür ki, bu maddənin tələbləri kobud şəkildə pozulur və tıxacın yaranmasına avtomobillərin çoxluğu yox, sürücülərin savadsızlığı və intizamsızlığı səbəb olur.
Qeyd edək ki, bu qaydanı pozan sürücülər 3 bal 60 manat məbləğində cərimə oluna bilər.