Könül Xasıyeva: "Balamın toyunda gəlinimin çiyninə kəlağayı salım, evimə dədə-baba qaydasıyla gətirim"
"O gün balamın sevincini dünyanın malına dəyişməzdim. Bir ana üçün övladının sevincini seyr etmək qədər ikinci gözəl mənzərə ola bilərmi?"
Xalq artisti Könül Xasıyeva "Şərq"ə açıqlamasında oğlu ilə bağlı arzularını dilə gətirdi. Xatırladaq ki, bu günlərdə Könül Xasıyeva oğlu üçün dəbdəbəli ad günü keçirmişdi. Sənət aləminin demək olar qaymaqları, tanınmışlar xalq artistini bu şad günündə tək qoymamışdılar. Səsi ilə könülləri oxşayan xalq artisti isə həsa ilə olsa belə balasının şad günündə qol qaldırıb oynadı, oğlu üçün ifa etdiyi muğam parçası ilə könülləri dağladı. Onu arayıb, hal-əhval tutduq.
- Necəsiz, Könül xanım? Özünüzü necə hiss edirsiz?
- Şükür Allaha, müalicələrim davam edir. Mən hər kəsdən razıyam. Xalqıma, dövlət başçımıza, birinci xanım Mehriban xanıma dərin təşəkkürlərimi bildirirəm. Könül Xasıyeva ruhən ölmüşdü, onlar məni yenidən həyata bağladılar. Mən anladım ki, illərlə səhnədə olan fəaliyyətim əbəs deyilmiş. Nə yaxşı ki, mən bu millətin qızıyam, bu dövlətin sənətkarıyam. Xalqımız da, dövlətimiz də dayaq oldu, mənə ürək yandırdı. Buna görə təşəkkür etməyi borc bilirəm.
- Həyatdan ümidinizi tamamən üzmüşdüz...
- İnanın, bütün ümidlərim tükənmişdi. Sanki bir anda həyatım dəyişdi. Məni həyata qaytarıb dözümlü olmağa səbəb yaratdılar. Mənə güc verənlər oldu. Ölmüşdüm, yenidən həyata qayıtmış oldum.
- Bu yaxınlarda oğlunuz üçün təmtəraqlı ad günü keçirdiniz. Sənət dostlarınız da sizi tək qoymadılar.
- Bəli. Oğlumun 10 yaşını qeyd etdim. Mən bir oğlumun 1 yaşını qeyd etmişdim. Bir də 10 yaşını qeyd edəcəyimə söz vermişdim. Allah mənə bu gününü görməyimi qismət etdi. Əslində elə böyük ad günü keçirməyi nəzərdə tutmamışdım. Əvvəlcə bir 50 nəfərlik məclis nəzərimdə tutmuşdum. Amma həmin gün sağ olsun bütün dostlarım. Gözləmədiyim halda məclisə 300-dən çox qonaq gəldi. Əslində onlara qonaq da demirəm. Çünki hər biri ev sahibi kimi iştirak etdilər. Heç kim dəvət gözləmirdi. Hamı öz doğmasının məclisində olduğunu hiss etdirdi. Sənət dostlarım, ailə dostlarım o gün məni şərəfləndirdilər. Mən o günü inanın, hələ də unuda bilmirəm. Çünki çox kövrəlmişdim. Ağlayırdım. Amma gözümdə sevinc göz yaşları var idi.
- Sanki balanızın toyunu edirmiş kimi qol qaldırıb oynayırdız. Hətta əlinizdə həsa ilə oğul toyundaymış kimi kövrəlmişdiz.
- (Ağlayır) Həmin gün çox kövrəldim. Amma sevincdən kövrəldim. Bəli, sanki balamın toyu idi. Bəlkə qismət olmadı onun toyunu görüm. Ona görə də arzu, muradımı 19 yaşında, ad günündə götürmək istədim. Əhd etmişəm ki, qismət olsa, balamın toyunda gəlinimin çiyninə kəlağayı salım, evimə dədə-baba qaydasıyla gətirim. Qapıma "Vağzalı" sədaları altında gəlin gətirim. Oğlumun bəy taxtını görmək bəlkə də həyatda ən böyük arzumdu. O günü görməməkdən qorxuram. Qorxuram ki, balamın o günündə yanında olmaram. Ona görə də ad günündə sanki bəy anası kimi hiss etdim özümü. Xəyallarım, arzularım var. Balamın toyunda o arzuların çin olmasını istəyirəm. Axsasam belə, onun toyunda qol qaldırım. Allahımdan bunu diləyirəm. Ad günündə ürəyimdə balamın toyunu edirdim (hönkürərək ağlayır yenə də. Bir az onu sakitləşdirməyə çalışdıq). Əhd etmişəm, balamın toyunda ana kimi qarşısında süzə bilim.
- Sənət dostlarınız sizə daha çox o gün dəstək oldular...
- Bəli, inanın mən o qədər sənətçi dostumun ad gününə gələcəyini gözləmirdim. Əksəriyyəti eşidib gəlmişdilər. Sağ olsunlar. Onların balalarının toyunda mən də iştirak edə bilim. Mən o gün bir də hiss etdim ki, bu sənətdə sevgi qazana bilmişəm. O gün balamın sevincini dünyanın malına dəyişməzdim. Balamın ruhu sevinirdi, gözləri işıldayıb gülürdü. Bir ana üçün övladının sevincini seyr etmək qədər ikinci gözəl mənzərə ola bilərmi? Bircə Allah mənə möhlət versin, balamın bəy taxtını görə bilim.