"Real Madrid"in oyunçusu irqçiliyə məruz qalıb


Madrid "Atletiko"sunun fanatları "Real Madrid"lə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin oyunu öncəsi rəqib komandanın futbolçusu Vinisius Juniora qarşı irqçilik ediblər.
"Atletico Front" azarkeş qrupunun üzvləri braziliyalı hücumçunun maketini Madriddəki körpülərin birindən asıblar. Maketin boynundakı pankartda isə "Madrid "Real Madrid"ə nifrət edir" yazılıb.

Məsələyə dərhal reaksiya verən "kral klubu" bəyanat yayaraq, tərəfdarların irqçi addımını pisləyib: "İnsanların fundamental hüquqlarını və ləyaqətini pozan, futbolun və idmanın təmsil etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan hadisələri qətiyyətlə qınayırıq. Futbolçumuzun hazırda əziyyət çəkməsinə səbəb olan bu hücumların bizim cəmiyyətimizdə yeri ola bilməz. Ümid edirik ki, belə çirkin hərəkəti edənlərin hamısı məsuliyyətə cəlb olunacaqlar".

Qeyd edək ki, yanvarın 26-də keçiriləcək Madrid derbisi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.