“Kənd toyuqları” ilə bağlı monitorinq - Vəzifəli şəxs cəzalandırıldı
Bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinq zamanı Gürcüstandan “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarusdan “Orion Qlobal” MMC tərəfindən gətirilən "Soliqorsk Quşçuluq Fabriki" ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə "Orion Qlobal" MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.
Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib. Bu çərçivədə ümumilikdə 1218.9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.
Bununla yanaşı, “AFM Construction” MMC tərəfindən üzərində “Belarus kənd toyuğu” yazısı qeyd olunan 9000 kq məhsul partiyasının “MIN300” MMC-yə satıldığı müəyyənləşib. Həmin MMC-də aparılan plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib. Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC –nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.
Məlumat üçün bildiririk ki, laborator sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.