Fəhlə işləyən şəxsin adına beş şirkət, 1,5 milyon manat vergi borcu var - VİDEO


Fəhləliklə məşğul olan Hacıqabul rayon sakini Söyüdbala Cəfərovun özünün xəbəri olmadan adına 5 şirkət yaradılıb. Beləliklə, həmin şəxsin dövlət büdcəsinə ümumilikdə 1 milyon 451 min 117 manat vergi borcu yaranıb.
Bununla bağlı dövlət qurumunun rəsmi məktubu var.

Söyüdbala Cəfərov "Xəzər Xəbər"ə deyib ki, onun adına 5 şirkət açılıb və bu şirkətlərin fəaliyyətindən dövlətə külli miqdarda borcu yaranıb. Onun sözlərinə görə, Bakıda müxtəlif yerlərdə fəhlə kimi çalışıb. 2017-ci ildə ona Vergilər Nazirliyindən məktub gəlib. Məktubda adına 5 şirkətin olduğu və bir milyon manatdan artıq borcunun yarandığı qeyd edilib.
Söyüdbala Cəfərov əlavə edib ki, hətta məsələ ilə bağlı Vergilər Nazirliyinin müvafiq qurumlarında da olub. Amma məsələ həllini tapmayıb.
Məsələyə məhkəmə müstəvisində də baxılıb və Söyüdbala Cəfərovun ölkədən çıxışına qadağa qoyulub.
Hazırda onkoloji xəstə olan Söyüdbala Cəfərovun tək istəyi məsələnin tezliklə həllini tapmasıdır.