İlan və zəhərli həşəratlar Qarabağda işlərə mane olur


Azərbaycanın işğaldan azad edilən ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə mane olan amillərdən biri də ilan və zəhərli həşəratlardır.
Təmizləmə işləri zamanı tez-tez zərərvericilərə rast gəlinir.

Otuz ilə yaxın davam edən erməni işğalı zamanı ərazilərimizin nəzarətsiz qalması və həmin yerlərdə əkin işlərinin aparılmaması ilan və həşəratların sayının artmasına səbəb olub. Onların ən təhlükəlisi isə “Qafqaz gürzəsi” və “Qara əqrəb” hesab edilir.
Baxımsız qalan ərazilərdə və xüsusilə susuz yerlərdə yaşayan bu canlılar insan həyatı üçün olduqca təhlükəli hesab olunur. Zəhərli heyvanlar adətən isti havalarda daha çox aktivləşsə də, onlara hətta qış mövsümündə belə rast gəlmək mümkündür.
Bəzi hallarda isə minatəmizləyənlərin zəhərli həşəratlar tərəfindən sancılması halları olub. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ərazilərin minalardan təmizlənməsi işlərini davam etdirirlər.