Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.
AzBaku.info -nun məlumata QMİ-dən APA-ya daxil olan bəyanatda deyilir: "Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.
Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir. Dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. O Bir Olan Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır. Odur ki, bu müqəddəsliyi, özəlliyi, önəmi nəzərə almayan hər hansı qərar ədalətli ola bilməz.
Bu gün dünyamızda baş verənlər bizi narahat edir. Dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir. Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər.
Beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmaması təhlükəli meyldir. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edirik".