Komitə sədri: Məktəblərdə psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var
"Sığınacaq və uşaq və ailələrə dəstək mərkəzlərinin sayının artırılması vacibdir".
AzBaku.org xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, müxtəlif dövlət qurumlarının tabeliyində sosial xidmət müəssisələri, Bakı şəhəri və 12 rayon üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzləri, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eyni zamanda, zorakılığına məruz qalan şəxslər üçün dövlət sığınacağı və akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzi var, onların sayı ildən-ilə artır: "Lakin hər bir rayonda bu mərkəzlərə ehtiyac vardır. Bu həm qadınlar, həm uşaqlar, həm də kişilər üçün həmin xidmətlərin daha əlçatan olması, xidmətlərin daha tez və vaxtında göstərilməsi üçün vacibdir".
Hicran Hüseynova onu da qeyd edib ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır: "Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir".