Azərbaycan və Latviya arasında strateji dialoqun ikinci iclası keçirilib


7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji dialoqun ikinci iclası keçirilib.
XİN-dən AzBaku.org-yə verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Fariz Rzayev, Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor cənab Anjeys Vilumsons rəhbərlik edib.
İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
İki ölkə arasında strateji dialoqun, habelə Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, normallaşma prosesi, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası barədə məlumat verilib.
İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.