NİİM avtomobil sıxlığına görə sürücülərə müraciət edib
Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi avtomobil sıxlığının qarşısını almaq üçün sürücülərə müraciət edib.
NİİM-dən AzBaku.org - a verilən xəbərə görə, müraciətdə deyilir:
“Paytaxt yollarında maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır. Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Lakin sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.
Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda (yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda) hadisə yerini tərk edə bilər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırır”.
Səlcuq Elçin