Azərbaycan Səfirliyi Latviyada xeyriyyə tədbirində iştirak edib
Azərbaycanın Latviyadakı Səfirliyi Riqa şəhərində ənənəvi keçirilən beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən verilən xəbərə görə, Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan tədbirdə Latviyada akkreditə olunan diplomatik nümayəndəliklər, eləcə də yerli qurumlar təmsil olunub.
Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində ölkəmizin mədəniyyətini və tarixini əks etdirən suvenirlər, milli geyimlər nümayiş etdirilib, ölkəmizə aid müxtəlif nəşrlər sərgilənib və paylanılıb. Eyni zamanda, Azərbaycan istehsalı olan məhsullar, milli mətbəximizin ləziz təamları və UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən kəlağayı sənətimizin rəngarəng nümunələri təqdim olunub.
Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış ölkəmizin təbiəti, mədəniyyəti və turizminə dair video çarx nümayiş etdirilib.
Latviyanın sabiq Prezidenti Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət ediblər. Azərbaycanın stendi yarmarkada ən çox ziyarət edilən və marağa səbəb olan stendlərdən biri olub.