TƏBİB Hepatit A-dan müalicə alan şəhid qızının qızılca xəstəliyinə yoluxması iddialarına cavab verib
21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-dən Azbaku.org-nin sorğusuna cavab olaraq bildirib.
“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub. Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.
Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”, açıqlamada deyilir.
Qeyd edək ki, sosial şəbəkə platformalarında şəhid Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair məlumat yayılıb. Bildirilib ki, Ülkər Tağızadə xəstəxanadan evə buraxıldıqdan sonra qızılca ilə mübarizə aparır və evlərində ağır əməliyyatdan çıxmış qardaşı olduğu üçün ailə xəstəliklə mübarizə aparmaqda çətinlik çəkir.