Abşeronda 4 silah, 7 kq narkotik aşkarlanıb


Abşeron rayonunda ötən gün keçirilən tədbirlər zamanı 4 odlu silah aşkar edilib, vətəndaşlar tərəfindən 13 silah könüllü polisə təhvil verilib, qanunsuz dövriyyədən 7 kiloqram narkotik vasitə çıxarılıb.

DİN-dən Azbaku.org-yə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib.
Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar – Novxanı qəsəbəsi sakini Saleh Ağayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 8 ədəd patron, 1 ədəd daraq, Mehdiabad qəsəbəsi sakini Pünhan Nəbiyevdən “Makarov” tapançası, 5 ədəd patron, 1 ədəd daraq, Qobu qəsəbəsi sakini Ramin Rzayevdən “TT” markalı tapança, 2 ədəd patron və daraq, Xırdalan şəhər sakini Elvin Abdullayevdən isə “AK-74” avtomatı, 15 ədəd patron, eləcə də daraq aşkar olunaraq götürülüb.
Həmçinin, Abşeron rayonunda vətəndaşlar arasında aparılan profilaktik söhbətlərlə 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Abşeron RPİ-nin və Mehdiabad PB əməkdaşları tərəfindən tədbirlərin davamı olaraq əvvəllər məhkum olunmuş Əziz Qəmbərovdan 5 kiloqramdan artıq heroin, Qobu PB əməkdaşları tərəfindən isə qəsəbə sakini Azər Məmmədovdan 2 kiloqrama yaxın marixuana aşkar olunub.
Digər tədbirlərlə rayon ərazisində oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 4 nəfər saxlanılıb, “isti izlərlə” 45 cinayətin açılması təmin olunub. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 30, xırda xuliqanlığa və xırda talamaya görə 94 fakt aşkarlanıb, mülki axtarışda olan 51 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 78, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 18, dayanma-durma qaydalarını pozan 228 sürücü inzibati məsuliyyətə cəlb edilib.