Gəncədə Cavad xanın xatirəsi anılıb - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.
Azbaku.org xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzərək ruhuna dualar oxuyublar.
Xatırladaq ki, 220 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq köhnə rus tarixi mənbələrində 03 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da, 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.
Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə Gəncə Şəhər İcra Hakimimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, türbənin dam örtüyü, fasad və daxili hissəsi təmir olunub.