Bu ölkədə "cinçıxarma"ya tələb artır: Həftəyə 15 müştəri...
Tacikistan paytaxtı Düşənbə yaxınlığındakı bir kənddə populyar ruhani Sabohiddin Şodiyev əsas gəlirini "cinçıxarma"dan əldə edir, yəni bədəndən pis ruhları qovur.
Modern.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
Şodiyev onun əsl adı deyil. Ruhani deyir ki, hər həftə 15-dək müştərisi olur, ondan bədənlərdəki pis ruhları, "pis göz"ü qovub çıxarmasını istəyirlər.
53 yaşlı dindar "cinçıxarma"nı atasından öyrənib, 20 ildən çoxdur bu işlə məşğuldur. Onun müştəriləri, əsasən, Düşənbədən və yaxın rayonlardandır. Ancaq uzaq vilayətlərdən kömək istəməyə gələnlər də var.
Şodiyev deyir ki, o, dini ayinin icrasına görə haqq qoymur, "müştərilər özləri nə istəsələr, verirlər".
Radioya danışan üç tacik ruhani bu müsəlman ölkəsində "cinçıxarma"ya tələbatın artdığını iddia ediblər. Nəşr Tacikistanda bu ayinə üz tutanlarla bağlı rəsmi statistika olmadığını bildirir. O da var ki, "cinçıxarma" sovet dövrü ateizminin təzyiqlərindən, hökumətin son tədbirlərindən salamat çıxıb.
Tacikistanda qanunvericilik bu proseduru yasaqlamır. Amma son illər "cinçıxarma" ilə məşğul olan bir neçə nəfər dələduzluq, cinsi qısnama, digər ittihamlarla həbs edilib.
Bəzi taciklər dünyəvi hökumətin bəzi səylərini bütün dini əməlləri nəzarətdə saxlamaq cəhdi kimi görürlər. Məsələn, məktəblərdə və ofislərdə hicab qadağan olunub, gənclərin uzun, sıx saqqal saxlamasına yaxşı baxılmır.
Şodiyev isə deyir ki, özü heç vaxt "cinçıxarma" zamanı fiziki zərbə vurmayıb, yaxud bu barədə eşitməyib.
Artıq Tacikistanda Şodiyev və başqaları "cinçıxarma" ilə açıq məşğul olmurlar, hökumətin tədbirlərindən ehtiyatlanırlar. Beş-yeddi il qabaq müştərilər Şodiyevin evinə gəlirdilər, indi isə o özü axşamlar evlərə gedərək bu ritualı icra edir.
Vahdat rayonunun 34 yaşlı sakini Akmal Halimov düşünür ki, "cinçıxarma" ətrafındakı qalmaqallar onların bu rituala inamını azalda bilməyib. Halimov özü inanır ki, "cinçıxarma" onu Düşənbədə tələbəlik illərində düçar olmuş şər ruhdan xilas edib.
Amma Mastçoh rayonunda Zuhro Muxtorova "cinçıxarma"ya nikbin baxmır. 34 yaşlı qadında 10 il qabaq yaranan xəstəlik onun danışıq qabiliyyətini əngəlləyib. Tibbi müalicə nəticə verməyəndə qohumları ona "cinçıxaran" məsləhət görüblər. Özünün də bu rituala inanmağına baxmayaraq, faydasını görməyib. Muxtorova hələ də çətinliklə danışır, "cinçıxarma"dan da imtina edib.