Professor Lalə Allahverdiyeva: Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir
Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan “Allerqoloq və immunoloqlar” cəmiyyətinin prezidenti, professor Lalə Allahverdiyeva tridemiya ilə bağlı suallarımızı cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Lalə xanım, tridemiya nədir?
-Tridemiya termini haqqında ilk məlumat 2022-ci ilin noyabrında Amerikanın “The Wall Street Journal”da verilmişdir. Ötən ilin sonu və bu ilin əvvəlində dünya mövsümi epidemiya – tridemiya haqqında danışmağa başladı. Bu zaman əhali 3 qrup aktiv yayılan virusların təsirinə məruz qalmışdı. Bunlar koronavirus, A qrip virusunun H3N2 ştamı (Honkonq qripi) və kəskin respirator virus infeksiyalarıdır.
ÜST bütün dünyada hələ də COVID-19 təhlükəsinin davam etməsi haqqında xəbərdarlıq edir. Bundan əlavə, koronavirusun yeni variantları əmələ gəlir. Bu gün dünyada COVID-19 infeksiyasının 30-a yaxın yarımnövü ya submutasiyaları var və onlar omikron ştamına aiddir. Azərbaycanda rəsmi məlumatlara görə ötən il dekabrdan 31-dən cari il yanvarın 31-nə qədər koronavirusla 325 yeni yoluxma halı aşkar edilib və onlardan 21 nəfəri vəfat edib.
- Tridemiyanın əsas yaranma səbəbi nədir?
- Tridemiyanın meydana çıxmasının əsas səbəbi dünyadakı epidemioloji vəziyyətdir. Məsələn, pandemiyanın bizə diktə etdiyi sərt məhdudiyyətlər hesabına (özünütəcrid, tibbi maskaların taxılması, dezinfeksiyanın ciddi aparılması) və bunun nəticəsində biz bir neçə epidemik mövsüm ərzində qrip və KRVİ ilə təmasda olmamışdıq. Nəticədə müxtəlif infeksiyalara qarşı kollektiv immunitet azalıb və onlara həssas əhali kütləsi isə artıb. Belə kifayət qədər ciddi əks epidemik rejim nəticəsində 3 il ərzində praktik olaraq nə qrip, nə də KRVİ ilə xəstələnmə halları qeydə alınmayıb. Müdafiə tədbirləri yumşaldıqıdan sonra viruslar yenidən aktivləşiblər.
Tridemiyanın daha bir ciddi problemi 2020-ci ildən sonra anadan olan uşaqlarla bağlıdır. İndiki 4 yaşa qədər olan uşaqlar heç bir virusla təmasda olmayıblar və onların immun sistemi bu virusları tamamilə tanımır. Bunun nəticəsində onların orqanizmi bu viruslara çox həssasdır və onlar tez yoluxurlar, xüsusilə uşaq bağçalarına və hazırlıqlara gedən uşaqlar. Virusla xəstələnən uşaqlar bu infeksiyaları evə gətirib və ailənin digər üzvlərini yoluxdurlar.
-Tridemiya nə ilə təhlükəlidir?
- Müxtəlif viruslara eyni zamanda və ardıcıl olaraq yoluxmaq mümkündür. Virus infeksiyası ilə mübarizədə immun sisteminin rolu çox vacibdir. Məsələn, artıq keçirilmiş xəstəlik nəticəsində əgər immunitet zəifləyibsə, orqanizmə daxil olan yeni virusla mübarizə aparmaq və təkrar xəstələnmə orqanizmin müqavimətini zəiflədir. Bir neçə virusla eyni vaxtda yoluxma zamanı onların necə davranacaqlarını öncədən təxmin etmək çətindir. 3 virusun kombinasiyası ciddi ağırlaşmalara gətirib çıxara bilər. Belə virus “kokteyli” risk qrupuna daxil olan insanlar üçün xüsusilə təhlükəlidir. Bu risk qrupuna ilk növbədə uşaqlar, hamilə qadınlar, yaşlı insanlar və xronik xəstəliyi olan pasiyentlər daxildir.
-Tridemiyadan necə qorunmaq olar və siz hansı tövsiyələr verə bilərsiniz?
-Tridemiya ilə bağlı tövsiyələrdə ilk növbədə tibbi maskaların istifadəsi və vaksinasiya nəzərdə tutulur. Koronavirus pandemiyası ilə keçirdiyimiz illər göstərdi ki, maskaların taxılması qrip və digər KRVİ-lərlə yoluxmaqdan yaxşı müdafiə edir. Qriplə xəstələnmə və onun ağır gedişatının qarşısını almaq məqsədilə mövsümdən öncə vaksinasiya olunmaq zəruridir. İlk respirator simptomlar meydana çıxdığı andan düzgün müalicəyə tez başlamaq lazımdır.
-Qızılca ilə bağlı epidemioloji vəziyyət nə yerdədir?
- Hazırda bütün dünyada qızılca ilə yoluxma halları kəskin artıb. Məsələn, Avropa və Mərkəzi Asiya ölkələrində ötən il qızılca ilə yoluxma 30 dəfə artmışdır. Azərbaycanda da epidemioloji vəziyyət ürəkaçan deyil. Beynəlxalq CDC (Central Disease Control and Prevenetion) təşkilatının son məlumatlarına görə Azərbaycan qızılca ilə yoluxmaya görə ilk onluqdadır. Hazırda bu xəstəliyə nəinki uşaqlar, hətta böyüklər də yoluxur. Böyüklərin bu infeksiyaya yoluxmasının səbəbi 30 ildən sonra qanda qoruyucu anticisimlərin aşağı düşməsi ilə əlaqədardır.
Qızılcanın belə alovlanması COVID-19 pandemiyası dövründə vaksinasiya əleyhinə çıxanların mövqelərinin güclənməsi ilə bağlıdır. Onlar nəinki COVID-19, hətta digər infeksiyalara qarşı peyvənd olunmamağa insanları inandırmışlar. Cəmiyyət, xüsusilə də gənc valideynlər vaksinasiyadan imtina edərək düzgün olmayan qərarlar vermişlər. Bundan əlavə 1990-cı illərdə Sovet hökuməti dağılan zaman keçmiş respublikalarda əksər qrup insanlar qızılcaya qarşı vaksinasiya olunmamışlar və nəticə göz qabağındadır.
Bundan əlavə, Cənubi Qafqaz regionu üçün quş qripi və daşıyıcısı ağcaqanaqlar olan Denge qızdırması müəyyən təhlükə yaradır. Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir. Ötən il Denge qızdırması ilə kütləvi yoluxma halları İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Fransa və digər ölkələrdə qeydə alınmışdır.