Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq ŞƏRH
Dünyaya qardaşlığın nümunəsini göstərən Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni istiqamətlər üzrə inkişaf edir. Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində, inkişafında stimulverici amildir. Bu reallıq daim önə çəkilir ki, Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Səfər münasibətlərdə yeni səhifənin başlanğıcı oldu. Prezident Rəcəb Tayyib Ərdoğan belə bir arzunu ifadə etdi ki, seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında etimad mühitinin mövcudluğu əsas faktordur: “Azərbaycan və Türkiyə biri-biri ilə sıx tellərlə bağlıdır. Münasibətlər daim yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. İmzalanan hər bir sənəd əlaqələrin inkişafına öz töhfəsini verir. Səfər çərçivəsində imzalanan sənədlərin hər biri birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına yönəldərək bildirdi ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Gənc nəsil həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir.
Deputat onu da əlavə edib ki, dünyanın diqqətində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu: “Dövlət başçısı İlham Əliyev bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qardaş ölkənin, onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə siyasi və mənəvi dəstəyinə yönəldərək bildirdi ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ müharibəsindən sonra göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.
Malik Həsənov bildirib ki, tarixi Zəfərimizdən bugünədək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə yönələn qarşılıqlı səfərlərin say tərkibinə, atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir: “Qarabağın tacı Şuşa bu dostluğun, qardaşlığın, müttəfiqliyin rəsmiləşdirilməsinə şahidlik etdi. İmzalanan Şuşa Bəyannaməsi dünyaya səs saldı. Hər bir önəmli hadisəni iki dost ölkənin prezidentlərinin birgə qeyd etmələri diqqətdən kənarda qalmır. Bu, bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir, bir-birlərinə dəstəklərini əsirgəmirlər. Qarşılıqlı etimad mühitinin mövcudluğu münasibətlərin dayanıqlı inkişafında öz sözünü deyir. Ötən ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq nümunəsi dünyanın diqqətində oldu. İlk andan “Qardaş Türkiyə, səninləyik!” şüarı bir çağırışa çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində keçirilən təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqına ötən il baş verən zəlzələlər zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür etdi. Bildirdi ki, digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir”.
Deputat Azərbaycan və Türkiyənin hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının möhkəmlənməsinə verdiyi töhfələrə də diqqəti yönəldib: “Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşünün bu ilin iyul ayında Qarabağın tacı Şuşada keçirilməsi qürurverici hadisə kimi qeyd olundu. Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də Zirvə Görüşündə müşahidəçi statusunda iştirakı ümumi işimizə, türk xalqlarının birliyinə növbəti güclü təkan verəcək.