Muxtar respublikanın termal və mineral su mənbələrinin yerinin müəyyənləşdirilməsi və ehtiyatının qiymətləndirilməsi, su atlasının hazırlanması məqsədilə ilkin olaraq 58 termal və mineral su bulağının təftişinə başlanılması üçün kameral araşdırmalar aparılıb. Ümumiyyətlə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq, ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində indiyədək mühüm işlər görülüb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin tənzimlənməsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Şövqi Əliyev söyləyib.
Ordubad, Şahbuz, Babək və Culfa rayonları ərazisində mövcud olan 51 mineral bulaqda təftiş işlərinin aparıldığını bildirən Ş.Əliyev bildirib ki, suların debiti, temperaturu, duzluluğu, coğrafi koordinatları dəqiqləşdirilib, hər birinin kimyəvi tərkibinin öyrənilməsi məqsədilə su nümunələri götürülmüş kadastrı hazırlanıb, 43-nün analizi aparılıb: “Həmçinin Culfa, Ordubad, Şərur-Sədərək, Naxçıvan düzənlikləri və Kəngərli yaylasında mövcud olan yeraltı su hövzələrində ayda 3 dəfə müşahidə quyuları vasitəsilə yeraltı suların monitorinqi həyata keçirilir. Həmin düzənlik və yaylalarda yerləşən 79 quyuda suların minerallaşma dərəcəsi, suyun statistik səviyyəsi, elektrik keçiriciliyi və quyuların mütləq yüksəkliyi, dərinliyi, qazıldığı il və coğrafi koordinatları dəqiqləşdirilib. Şərur, Culfa, Ordubad, Sədərək, Babək və Kəngərli rayonlarının ərazisində yerləşən quyuların 56-dan götürülmüş yeraltı su nümunələrinin analizi aparılıb, suların dinamikasının izlənilməsi məqsədilə kadastr və qrafikləri hazırlanıb”.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə təfsilatlı Tədbirlər Planına əsasən icra edilən layihələr barədə danışan nazirliyin şöbə müdiri qeyd edib ki, Parağaçay molibden (qalıq ehtiyatı 456 min ton), Gümüşlü polimetal (qalıq ehiyatı 5400 ton), Nəsirvaz kolçedan-polimetal (filiz ehiyatı 24 mln ton), Buzqov travartin (ehtiyatı 8200 min m3), Dolomit (ehtiyatı 9914 min ton), Göycələr seolit (ehtiyatı 15,7 mln ton), Şərqi Aydaş seolit (14,8 mln ton), Culfa əqiqsaxlayan konqlomerat (2367 min m3) yataqlarının ehtiyatları müəyyənləşdirilib, dəyər təklifləri hazırlanıb. Filiz və qeyri-filiz, şirin və termal su yataqlarına investorlar cəlb etmək üçün ötən il türk iş adamları ilə görüş keçirilib, müzakirələr aparılıb. Parağaçay molibden, Gümüşlü polimetal, şüşə xammalı kimi dolomit və kvarsit, süst və duzdağ daş duz, Şahtaxtı travertin yataqlarına yerində baxış keçirilib, nümunələr götürülüb.
Bundan başqa, bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün “Landfil Sanitary” texnologiyası seçilib. Bu texnologiyanın tətbiqi ilə bağlı konsept təkliflər hazırlanıb. Beynəlxalq dərəcəli mütəxəssis muxtar respublikaya dəvət edilib və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılıb.
“Zəngəzur Milli Parkının zonalaşma xəritəsi hazırlanıb, 15652,53 hektar sahədə nüvə zonası müəyyən edilib. Bioloji müxtəlifliyin qorunub artırılması məqsədilə əhali arasında ekoloji maarifləndirmə tədbirləri keçirilib, 10 ədəd maarifləndirici lövhə yerləşdirilib. Xüsusi mühafizə olunan təbiət ərazilərində turizm obyektlərinin yerinin müəyyənləşdirilməsi, turizm sahələrinin yaradılması və marşrutların müəyyənləşdirilməsi məqsədilə işlər davam etdirilib, vəhşi heyvanların suya olan tələbatının ödənilməsi üçün ərazilərə 3 su novu qoyulub”, - deyə o əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.