ECOWAS Nigerə qarşı sanksiyaları ləğv edib


Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) Nigerə qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qərar ECOWAS-ın Nigeriyanın paytaxtı Abuca şəhərində keçirilən fövqəladə sammitində təsdiqlənib. Siyasi, iqtisadi və ticarət sanksiyaları 2023-cü ilin iyul ayının sonunda Nigerdə Prezident Qvardiyasından bir qrup hərbçinin hakimiyyətə gəlməsi ilə əlaqədar ECOWAS tərəfindən tətbiq olunmuşdu. Onlar Prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırmışdılar. Ölkənin idarə edilməsi üçün qvardiya komandiri Əbdürəhman Tçianinin rəhbərlik etdiyi Milli Vətən Qurtuluş Şurası yaradılmışdı.
ECOWAS Bazumun prezident postuna bərpa olunmasına nail olmaq üçün sanksiyaları sərtləşdirmişdi. Bu sanksiyalara Nigerlə sərhədlərin bağlanması və aviasiya əlaqələrinə qadağa qoyulması da daxil idi. Respublika ilə bütün maliyyə əməliyyatları dayandırılmış, Nigerin ECOWAS ölkələrinin mərkəzi banklarında dövlət aktivləri dondurulmuşdu.