
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, silahlı şəxslərdən 18 odlu silah, o cümlədən 6 Makarov və Avropa istehsalı olan tapança, 7 Kalaşnikov avtomatı, 1 PM-98 pulemyotu, 4 lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin müxtəlif çaplı 243 patron aşkar edilib. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


