Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi layihəsinin icrası davam edir


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsi Masallı rayonunda “Dəfinə” məktəb-liseyində reallaşıb.
Layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihə rəhbəri bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə əbədi məhəbbət qazanıb. Xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir. O, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin möhtəşəm uğurlara imza atdığını bildirib.
YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində əldə edilən uğurlardan söhbət açaraq Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr fəth etdiyini, davamlı və dinamik inkişaf yolunda olduğunu vurğulayıb.
Ekspert Elçin Həsənli keçirilən layihəyə müsbət rəy bildirərək əlavə edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.
Layihə növbəti günlərdə Lənkəran rayonunda da icra olunacaq.