“İçərişəhər” Qoruq İdarəsinin nümayəndə heyəti Pakistanda səfərdə olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda olub.
İdarədən bildirilib ki, Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüş keçirilib, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunub.
Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən ümumdünya irs mirası hesab olunan Lahor Fort Kompleksinin restavrasiyasını həyata keçirən "Ağa Xan" Fondunun rəhbərliyi ilə görüşdə ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası "Lahor Fort" kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olub.
Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.